“İndi bir az yatıb dincələ bilərəm, hər ehtimala qarşı kəndiri də ayağımın baş barmağına bağlayım ki, tərpənən kimi yuxudan ayılım. Axın özü qayığı aparacaq. Bu gün düz səksən beşinci gündür, mütləq balıq tutacağam”.
Bu vaxt qələmvarı yaşıl çubuqlardan biri suya sarı əyildi.
“Bax belə, mən istəyən də elə budur”. Qoca kürəkləri ehmalca sudan çıxardı. Əyilib kəndiri qaldırdı, sağ əlinin baş barmağı ilə şəhadət barmağı arasında saxladı. Nə gərginlik, nə də ağırlıq duydu, kəndiri boş tutmuşdu. Birdən kəndir dartıldı. Hərəkət yavaş və yüngül idi. Qoca bunun nə olduğunu dərhal başa düşdü. Marlen balığı yüz dəniz sajeni dərinliyində çəngəlin ucuna keçirilmiş sardinaları yeyirdi.
Qoca sağ əlində boş tutduğu kəndiri sol əli ilə ehtiyatla tilov ağacından açdı. İndi o, balığa heç nə sezdirmədən kəndiri suya istədiyi qədər buraxa bilərdi. “İlin bu fəslində sahildən bu qədər uzaqda balaca balıq olmaz, yəqin, bu çox yekə balıqdır. Ye, balığım, ye! Ye sardinanı. Yaxşı-yaxşı ye. Yem təzədir. Altı yüz fut dərinlikdə, yəqin, yerin çox soyuqdur, üşüyürsən. Qaranlıq, üstəlik də soyuq. İndi o qaranlıqda bir dəfə çevril, sonra əvvəlki vəziyyətini al, yenə ye!”
Kəndir yavaşca tərpəndi. Sonra bərk dartıldı; görünür, balıq sardinaları qarmaqdan qopara bilmirdi. Sonra heç nə baş vermədi.
Qoca səsləndi:
– Gəl görüm. Bir də, hə! Yaxşı-yaxşı iylə! Qoy ləzzətli iy səni məst eləsin. İştahla ye! Onları yeyəndən sonra tunesin də dadına bax. Tunes bir az bərk olsa da, ləzzətlidir. Balığım, çəkinmə, ye!
Kəndiri baş barmağı ilə şəhadət barmağı arasında tuta-tuta qoca başqa kəndirlərə, iplərə də nəzər yetirirdi. O yenə də yüngül bir təkan hiss etdi.
– Yeyəcək! Ağzı nədir, yeməsin, – qoca qışqırdı, – Allah özü ona ruzi yetirib...
Yox, balıq tilova gəlmədi, harasa getdi.
Kəndir daha tərpənmirdi. Qoca heç nə başa düşmədi.
– Gedə bilməz, həzrət İsa özü onu getməyə qoymaz. Yerini dəyişdirir. Çox güman, bu balıq əvvəllər bir dəfə qarmağa keçib, odur ki indi ehtiyatlı dolanır.
Kəndir yüngülcə tərpəndi, qocanın kefi kökəldi.
– Mən dedim axı, yerini dəyişir, tilova gələcək.
Balığın kəndiri yenə yavaşca tərpətməsi qocanı sevindirdi, ancaq gözlənilməz ağır təkandan balıqçı sarsıldı. Görünür, balıq çox yekə, çox da ağır idi; qoca kəndiri buraxdı, kəndir sürüşə-sürüşə sürətlə aşağıya, dərinə, lap dərinə getdi. Qoca ehtiyat üçün saxladığı kələflərdən birini işə saldı. Kəndir dərinə getdikcə qoca barmaqlarına düşən gücdən balığın nəhəngliyini açıq-aydın hiss edirdi.
– Bu balıq nə boydadır? – qoca təəccüblə mızıldandı, – görünür, qarmağı köndələninə udub, o da ilişib ağzına, indi qurtulmağa can atır, kəndiri qırıb qaçmaq istəyir.
Qoca fikirləşdi: “Dönüb qarmağı udacaq”. Ancaq düşündüyünü dilə gətirməyə qorxurdu; ona elə gəlirdi, arzu dilə düşəndə baş tutmur. Qarmağa keçən balığın çox yekə olduğunu anlayırdı. Bu dəqiqə balığın ağzına keçmiş qarmağı da, qarmağa sancılı tunesi də götürüb dənizin dərin qaranlıqlarına necə can atdığını aydın təsəvvür edirdi. Balıq tərpəndikcə qoca onun nə ağırlıqda olduğunu bir az da yaxşı duyurdu. Ağırlıq birdən artdı, qoca kəndiri boşaltdı, sonra bir anlığa onu barmaqları arasında saxlayıb buraxmadı. Ağırlıq və gərginlik yenə artdı. Kəndir aşağı dartılırdı.
– Əməlli-başlı tutdu, – deyə qoca rahatlandı, sonra kəndiri dənizə buraxa-buraxa sol əliylə iki kələfin kəndirini açıb ikinci çəngəlin ehtiyat kələfinə caladı. İndi o, nəhəng balıqla vuruşmağa hazır idi.