Qoca dənizi ürəkdən sevirdi. İspaniyada dəniz aşiqləri onu la mar – pəri deyə əzizləyirdilər. Arabir acıqları tutanda pisləsələr də, çox vaxt hörmətlə yad edirdilər... Köpəkbalığının qaraciyəri tapılmayanda çoxlu pul qazanmaq üçün motorlu qayıqda balıq tutmağa gedən cavanlar dənizə rəqib kimi baxırlar... Onlar lazım oldu-olmadı, dənizi lənətləyirlər. Qoca üçünsə dəniz hər şey idi, onun həyatı idi. Ona ilahə kimi baxırdı. Bu ilahə insan oğluna nələr vermir?! O nə qədər səxavətli, nə qədər lütfkardır!
Dəniz qəzəblənib qocanı incidəndə, üz döndərib heç nə verməyəndə belə balıqçı ondan şikayətlənmirdi. Neyləmək olar, dənizin təbiəti belədir.
Dan söküləndə qoca qarmaqlara yem keçirib tilovları suya atdı. Ləpə qayığı aparırdı. Tilovlardan birincisi qırx, ikincisi yetmiş beş, üçüncüsü yüz, dördüncüsü isə yüz iyirmi beş dəniz sajeni dərinliyə düşdü. Qoca qarmaqlara cərgə ilə sardina taxmışdı, hamısının da gözlərini qarmağa keçirmişdi. Beləliklə, qarmaqlar yarımdairə yem çələngi əmələ gətirirdi. Bu da dənizdəki balıqları şirnikdirib aldadacaqdı, iri balıqlar da yemə yaxınlaşmaqdan qorxmayacaqdı, çünki qarmağın hər tərəfində eyni dadı, eyni ləzzəti duyacaqdı.
Oğlanın verdiyi bir cüt təzə tunes balığını qoca ən dərinə atdığı tilovlara keçirmişdi, o biri iki tilovdan birinə adi skumbriya, o birinə sarı ümrin balığı taxmışdı, ötən dəfə bunlardan istifadə etməyinə baxmayaraq, yemlər yaxşı qalmışdı. Əla növ sardinanın iyi balıqları çəkib qarmağa
... İki saat idi, günəş doğmuşdu. İndi qoca gündoğana baxanda günəşin tellərini güzgüləndirən dəniz gözlərini o qədər də qamaşdırmırdı. Göz işləyən yerdə yalnız üç qayıq vardı, onlar da zorla seçilirdi, elə bil sahildən qopmamışdılar.
Qoca fikirləşdi: “Lap uşaqlıqdan gün gözümü qamaşdırır. Amma gözlərim hələ də yaxşı görür, xarab olmayıb. Gün batanda düz ortasına baxıram, gözlərimə qaranlıq çökmür, hərçənd günəş qürub çağı da bərk şölələnir, telləri adamın gözünə batır”.
... Günəş od saçırdı. Qoca bunu peysərinin yanmasından duyurdu. Avar çəkdikcə kürəyindən tər sel kimi axırdı.