O çox sadə, başıaşağı, təmizürəkli, həm də təvazökar adam idi. Hiylənin, kələyin nə olduğunu bilməzdi, bu da onun hörmətini daha da artırırdı.
Qoca dedi:
– Ləpə elə-belə qalsa, pis olmaz, sabah hava yaxşılaşar.
– Sabah balığa hara gedəcəksən?
– Fikrim uzaqlara getməkdir. Dan sökülməmiş dənizə çıxacağam. Belə etsəm, külək səmtini dəyişəndə geri qayıda bilərəm.
– Mən də, bəlkə, işlədiyim qayığın yiyəsini dilə tutub uzaqlara apara bildim, – oğlan gülümsədi, – qarmağına iri balıq keçsə, köməyinə gələrik.
– O, sahildən çox uzaqlaşmır.
– Elədir, – oğlan razılaşdı, – bəlkə, bu dəfə şirnikdirib apara bildim. Gözləri yaxşı görmür. Uzaqda uçan quşları göstərib deyərəm ki, orada balıq var. Balıq üçün dünyanın lap o başına gedər.
– Yəni bu dərəcədə pis görür?
– Kordur da.
– Qəribədir, – qoca mızıldadı, – o ki ömründə çanaqlıbağa tutmağa getməyib. Gözləri niyə xarab olsun?
– Sən ki neçə il moskit sahillərinə gedib çanaqlıbağa tutmusan, bəs niyə gözlərin kor olmayıb? Məşəl kimi parıldayır.
– Ona görə ki qəribə qocayam.
– Birdən çox iri balığa rast gəlsən, tutub çıxarmağa gücün çatar?
– Mənə elə gəlir, çatar. Bu işdə gücdən çox fənd lazımdır.
– Şeyləri yavaş-yavaş aparaq evə, – oğlan ayağa durdu, – oradan da mən toru götürüb sardina tutmağa gedərəm.
... Qoca kəndiri avarlar bənd edilən halqalardan keçirib mıxlara bağladı. Yerində əyləşib kürəkləri götürdü, sinəsini qabağa verib başını əydi, suyu yara-yara dənizə çıxdı. Hava qaranlıq idi, səhərin gözü hələ açılmamışdı. Sahil boyu səpələnmiş başqa qayıqlar da bir-bir hərəkətə gəlir, dənizə çıxırdı. Qoca onları görməsə də, avarlara müqavimət göstərən liman sularının şappıltısını eşidirdi. Aypara təpənin arxasında gizləndiyindən heç nə görünmürdü. Vaxtaşırı hansısa qayıqdan adam səsi gəlirdi. Qayıqların çoxunda sakitlik idi. Dənizin sinəsini tez-tez yaran avarların səsi sükutu pozurdu.
Qaranlıq olsa da, qoca balıqçı səhərin yaxınlaşdığını duyurdu... Avar tərpəndikcə qayıq irəliləyırdi. Balıqlar sudan sıçrayıb havada mayallaq aşır, təzədən suya düşürdü. Balıq süzdükcə üzgəci vıyıldayırdı. Qoca qanadlı balıqları ayrıca bir istəklə sevirdi. Onlar balıqçının geniş okeandakı əsl dostları idi. O, quşları da sevirdi, ancaq onlara həm də yazığı gəlirdi. Daima dən axtaran, amma dimdiyinə heç nə keçməyən xırda, zərif su qaranquşlarının halına yaman acıyırdı.