Külək şərqdən əsəndə balıq zavodundan üfunət iyi gəlirdi. Bu gün külək səmtini dəyişmişdi, şimaldan əsirdi, sonra tamam kəsdi, qoxu da azaldı. Günün altında “Terras”da oturmaq adamın xoşuna gəlirdi.
Oğlan dedi:
– Santyaqo...
– Hə, nə olub? – qoca pivə stəkanını əlində tutub dərin fikrə dalmışdı, keçmişləri yadına salırdı.
– İcazə ver, gedim sənin üçün sabaha bir neçə sardina tutum.
– Yox! Lazım deyil. Sən get beysbol oyna. Mən hələ özüm avar çəkə bilirəm. Toru isə Rocelio atar.
– Yox, gedəcəyəm. Madam ki səninlə balığa gedə bilmirəm, qoy başqa işlərdə sənə kömək edim.
– Məni pivəyə qonaq elədiyin üçün çox sağ ol. Maşallah, daha yekə oğlansan.
– Məni birinci dəfə dənizə aparanda neçə yaşım vardı?
– Beş yaşında idin. Az qalmışdı, dənizə düşüb boğulasan. Balığı tutub qayığa çıxardım. Başladı çırpınmağa, az qaldı, qayığı sındırıb tikə-tikə eləsin. Yadındadır?
– Əlbəttə, yadımdadır. Yaman çırpınırdı. Quyruğu ilə elə vurdu ki, qayığın oturacağı sındı. Amma sən də o ki var toppuzla əzişdirdin onu... Məni də götürüb qayığın burnuna tulladın. Özün də təpədən-dırnağa qan içində idin.
– Doğrudanmı, yadında belə yaxşı qalıb, ya mən sonralar nağıl eləyəndə eşitmisən?
– Səninlə dənizə çıxdığım birinci gündən bəri olubkeçən hər şey yadımdadır.
Qoca balıqçı günün altında qalmaqdan qan çəkmiş gözləri ilə oğlanı oxşadı; onun baxışlarından etibar və məhəbbət yağırdı.
Bir az susandan sonra səsində mehribanlıq duyulan qoca astadan dedi:
– Doğma oğlum olsaydın, heç nəyə fikir verməyib riskə gedər, səni özümlə dənizə aparardım, – qoca təəssüfləndi, – heyif ki, başqasının oğlusan, özün də uğurlu qayığa düşmüsən.
– Sardina tutmağa icazə vermirsən?.. Tilova taxılası yemin də yerini bilirəm. Dörd dənəsi bəsimdir.
– Səhər apardığım yem necə var idi, elə də qalır. Qutuda duzun içinə qoymuşam.
– Qoy gedim, dörd dənə təzəsini gətirim.
– Onda bir dənə gətir, – qoca razılaşdı.
Oğlan israrla dedi:
– İcazə ver, iki dənə gətirim.
– Yaxşı, iki dənə gətir. Qoy sən deyən olsun, – qoca onun xətrinə dəymək istəmədi, sonra ehtiyatla soruşdu, – olmaya, balıq yemini oğurlamısa
– Yox, pulla almışam. Girimə keçsəydi, əlbəttə, çırpışdırardım.
– Qonaqlıq üçün sağ ol, – qoca təşəkkür etdi.