Sel də basdı, emmiz dolub göl oldu,
Çox yazığın evi çönüb çöl oldu.
Bu baxçadan alçaları dərərdik,
Qış adına çıxıb damda sərərdik,
Hey də çıxıb yalandan çöndərərdik,
Qış zumarın yayda yeyib doyardıq,
Bir külli də minnət xalqa qoyardıq.
Evlər qalır, ev sahibi yox özü,
Ocaqların ancaq işıldar közü,
Gedənlərin az-çox qalıbdır sözü,
Bizdən də bir söz qalacaq, ay aman!
Kimlər bizdən söz salacaq, ay aman!
Aşıq deyər: Bir nazlı yar var imiş,
Eşqindən odlanıb yanar var imiş,
Bir sazlı, sözlü Şəhriyar var imiş,
Odlar sönüb, onun odu sönməyib,
Fələk çönüb, onun çarxı çönməyib.
Heydərbaba, alçaqların köşk olsun,
Bizdən sonra qalanlara eşq olsun,
Keçmişlərin gələnlərə məşq olsun,
Övladımız məzhəbini danmasın,
Hər içiboş sözlərə aldanmasın!
I dərs
Məzmun üzrə iş
- Əsərin birinci hissəsini oxuyun (bunu fərdi səssiz oxu, səsli oxunun dinlənilməsi və s. şəkildə
yerinə
yetirə bilərsiniz).
- İlkin təəssüratınızı siniflə bölüşün.
- Parta yoldaşınızla birlikdə aşağıdakı tapşırıqları yerinə yetirin:
- Tanış olmayan, fərqli yazılan sözlərin, ifadələrin mənalarını aydınlaşdırmağa çalışın.
- Ayrı-ayrı misralarda ifadə olunmuş və ilk oxuda başa düşmədiyiniz fikirləri açıqlamağa səy
göstərin.
- Müəyyənləşdirdiyiniz bədii təsvir və ifadə vasitələrinin növünü dəqiqləşdirin.
- Aşağıdakı suallara cavab hazırlayın:
- Hansı təbiət hadisələri, təbiət gözəllikləri əsərdə geniş əks olunub?
- Əsərdə xalqımızın hansı adət-ənənələri xatırlanıb?
- Novruz bayramının keçirilməsi necə yada salınıb?
- Kənd adamlarının həyat tərzi, məşğuliyyəti əsərdə neçə təsvir edilib?
- Uşaqlıq illərinin xatirələri əsərdə necə yada salınıb?
- Əsərdə doğma yurdla bağlı hansı arzular ifadə olunub?
- Kiçik qruplarda birləşərək yerinə yetirdiyiniz bütün işlərin nəticələrini müzakirə edin və ümumiləşdirin.
- Təqdimatlar əsasında fikir mübadiləsi və müzakirə aparın.
Evdə iş
- Poemanın ardını (ikinci hissə) oxuyun.
- Tanış olmayan sözlərin mənasını aydınlaşdırın.