Ağaclardan çilik-ağac kəsərdik,
Qoruqçunun qorxusundan əsərdik.
Bu tövlədə sarı inək doğardı,
Xanım nənəm inəkləri sağardı,
Ana iysi dam-divardan yağardı,
Mən buzovu qucaqlardım qaşmasın,
Deyərdi: – Bax, badya dolsun, daşmasın.
Bu damlarda çoxlu cızıq atmışam,
Uşaqların aşıqların udmuşam,
Qurquşunlu saqqa alıb satmışam,
Uşaq necə heç zadınan şad olar,
İndi bizim qəmi tutmur dünyalar.
Məktəb qalır, uşaqlar dərs alırlar,
Hey yazırlar, hey pozurlar, yazırlar,
Molla İbrahim özü, evi qalırlar,
Amma bizim yoldaşlardan qalan yox,
Bunlardan bir bizi yada salan yox.
Bir vaxtında bu məktəb pərgar idi,
Bir Müseyyib, bir Məmdəsən var idi,
Biri xəlfə, biri vərzişkar idi,
Axund bizlə oynamağa gedərdi,
Özü bizə oynamaq öyrədərdi.
Dedim, balam, o Məmdəsən nolubdu?
Məlum oldu, tifil bala ölübdü,
Nə var, nə var, burnundan qan gəlibdi,
Bir yel əsir, baxırsan, Məmdəsən yox,
Bu kənddə bir burun qanı kəsən yox...
Dedim, deyin Müseyyibə nə gəldi?
Qulam, gördüm, ağlar göz ilə gəldi,
Dedi: o da bahalıq düşdü, öldü,
Dedim, yazıq bizlə hasıl bölənlər,
Bitməyəndə aclarından ölənlər.
Bu məktəbdə şerin şəhdin dadmışam,
Axundun ağzından qapıb udmuşam,
Gahdan da bir axundu allatmışam,
– Başım ağrır, – deyib, qaçıb getmişəm,
Baxçalarda gedib gözdən itmişəm.
Azad olanda məktəbdən çıxardıq,
Hücum çəkib biri-birin sıxardıq,
Yolda hər nə gəldi, vurub yıxardıq,