Yazqabağı gün güneyi döyəndə,
Kənd uşağı qar gülləsin sövəndə,
Kürəkçilər dağda kürək zivəndə,
Mənim ruhum elə bilin, ordadır,
Kəklik kimi batıb qalıb, qardadır.
Qarı nənə uzadanda işini,
Gün buludda əyirərdi teşini,
Qurd qocalıb çəkdirəndə dişini,
Sürü qalxıb dolayıdan aşardı,
Badyaların südü aşıb-daşardı.
Bostan pozub gətirərdik aşağı,
Doldurarduq evdə taxta-tabağı,
Təndirlərdə bişirərdik qabağı,
Özün yeyib, toxumların çırtlardıq,
Çox yeməkdən lap az qala çatlardıq.
Vərziğandan armudsatan gələndə
Uşaqların səsi düşərdi kəndə,
Biz də bu yandan eşidib-biləndə
Şıllaq atıb bir qışqırıq salardıq,
Buğda verib armudlardan alardıq.
Heydərbaba, ağacların ucaldı,
Amma hayıf, cavanların qocaldı,
Toğluların arıqlayıb acaldı,
Kölgə döndü, gün batdı, qaş qərəldi,
Qurdun gözü qaranlıqda bərəldi.
Xoşginabı yaman günə kim salıb?
Seyidlərdən kim qırılıb, kim qalıb?
Amir Qafar dam-daşını kim alıb?
Bulaq genə gəlib gölü doldurur,
Ya quruyub, bağçaları soldurur?
Amir Qafar seyidlərin tacıydı,
Şahlar şikar etməsi qıyqacıydı,
Mərdə şirin, namərdə çox acıydı,
Məzlumların haqqı üstə əsərdi,
Zalimləri qılınc təkin kəsərdi.
Mirmustafa dayı, ucaboy baba,
Heykəlli-saqqallı Tolustoy baba,
Eylərdi yas məclisini toy baba.
Xoşginabın abi-rusu, ərdəmi,
Məscidlərin, məclislərin görkəmi.