Heydərbaba, bulaqların yarpızı,
Bostanların gülbəsəri, qarpızı,
Çərçilərin ağ nobatı, saqqızı,
İndi də var damağımda, dad verər,
İtkin gedən günlərimdən yad verər.
Bayram idi, gecəquşu oxurdu,
Adaxlı qız bəy corabın toxurdu,
Hər kəs şalın bir bacadan soxurdu,
Ay nə gözəl qaydadı şal sallamaq,
Bəy şalına bayramlığın bağlamaq.
Şal istədim, mən də evdə ağladım,
Bir şal alıb tez belimə bağladım,
Qulamgilə qaçdım, şalı salladım,
Fatma xala mənə corab bağladı,
Xan nənəmi yada salıb ağladı.
Bayram olub, qızıl palçıq əzərlər,
Naxış vurub, otaqları bəzərlər,
Taxçalara düzmələri düzərlər,
Qız-gəlinin fındıqçası, hənası,
Həvəslənər anası, qaynanası.
Yumurtanı göyçək, güllü boyardıq,
Çaqqışdırıb sınanların soyardıq,
Oynamaqdan bircə məgər doyardıq?
Əli mənə yaşıl aşıq verərdi,
İrza mənə novruzgülü dərərdi.
Novruzəli xərməndə vəl sürərdi,
Gahdan yenib küləşlərin kürərdi,
Dağdan da bir çoban iti hürərdi,
Onda gördün, ulaq ayaq saxladı,
Dağa baxıb qulaqların şaxladı.
Qış gecəsi tövlələrin otağı,
Kəndlilərin oturağı, yatağı,
Buxarıda yanar odun yanağı,
Şəbçərəsi, girdəkanı, iydəsi,
Kəndi basar gülüb-danışmaq səsi.
Heydərbaba, Nənəqızın gözləri,
Rəxşəndənin şirin-şirin sözləri,
Türki dedim, oxusunlar özləri,
Bilsinlər ki, adam gedər, ad qalar,
Yaxşı-pisdən ağızda bir dad qalar.