Dünya qəzov-qədər, ölüm-itimdir,
Dünya boyu oğulsuzdur, yetimdir.
Heydərbaba, igid əmək itirməz,
Ömür keçər, əfsus, bərə bitirməz,
Namərd olan ömrü başa yetirməz,
Biz də, vallah, unutmarıq sizləri,
Görəmməsək, halal edin bizləri.
Heydərbaba, Mirəjdər səslənəndə,
Kənd içinə səsdən-küydən düşəndə,
Aşıq Rüstəm sazın dilləndirəndə,
Yadındadır, nə hövləsək qaçardım?
Quşlar təkin qanad çalıb uçardım.
Heydərbaba, Quru gölün qazları,
Gədiklərin sazaq çalan sazları,
Kənd-kövşənin payızları, yazları,
Bir sinema pərdəsidir gözümdə,
Tək oturub seyr edərəm özüm də.
Heydərbaba, dağın-daşın sərəsi,
Kəklik oxur, dalısında fərəsi,
Quzuların ağı, bozu, qərəsı,
Bir gedəydim dağ-dərələr uzunu,
Oxuyaydım: “Çoban, qaytar quzunu”.
Biçin üstü sünbül biçən oraqlar,
Elə bil ki zülfü darar daraqlar,
Şikarçılar bildirçini soraqlar,
Biçinçilər ayranların içərlər,
Bihuşlanıb sondan durub biçərlər.
Qarı nənə gecə nağıl deyəndə,
Külək qalxıb qapı-bacanı döyəndə,
Qurd keçinin Şəngülüsün yeyəndə,
Mən qayıdıb bir də uşaq olaydım,
Bir gül açıb ondan sonra solaydım.
Əmməcanın bal-bəlləsin yeyərdim,
Sondan durub üst donumu geyərdim,
Bağçalarda tiringəni deyərdim.
Ay özümü o əzdirən günlərim,
Ağac minib, at gəzdirən günlərim.
Həci xala çayda paltar yuyardı,
Məmmədsadıx damlarını suvardı,
Heç bilməzdik, dağdır, daşdır, divardır,
Hər yan gəldi, şıllaq atıb aşardıq,
Allah, nə xoş, qəmsiz-qəmsiz yaşardıq.