Donanma katerləri yaxınlaşdı. Bizim gəmiləri hədələdilər: “Yol verməsəniz, atəş açacayıq”. Xəzər gəmiçiləri dediklərində dayanıb, hərbi komandanlığa bildirdilər: “Sizin gəmilərə meyit yüklənmişdir. Gecə qoşun şəhərə soxularkən həlak olanlar körpülərə daşınmışdır. Siz törətdiyiniz cinayətin izini itirmək istəyirsiniz”.
Keşikçi katerlərin top lülələri Xəzər gəmilərinə tuşlandı... Yanvarın iyirmi ikisi, səhər saat onda buxtanı tutmuş Xəzər gəmiləri fit verməyə başladılar. Əllidən artıq gəminin göyərtəsindən qopan haray Bakı üzərində dalğalandı... Şəhidləri dəfn edirdilər, ana!
Eşitmişdik, şəhidləri Dağüstü parkda basdıracaqdılar. Bizimkilərdən kimsə qımıldandı: “Bizə də ora qismət olsaydı, elə bilərdim, başımıza heç bu qəziyyə gəlməyib”.
“Hidroqraf” açıq dənizə çıxdı... Səhərə az qalırdı, bütün gecəni üzmüşdük. Taleyin qismətinə bax, ana. Dənizçi olmuşam, mənim anam. Üzürəm... Əzəlcə sualtı qayıqların görünməz, dərin yolları ilə düz 5 gün dolandıq. Sonra hərəmiz bir diyara tuş olduq. Kimi Şah dilində üzə çıxdı, kimi Türkanda. Axı dəniz ölü saxlamır; şaqqalayıb baş bir yana, bədən özgə yana atmışdılar, itib bataq. Çıxansa vardı. Bullada vertolyotlar alçaqdan güllə yağdırır, dəlib deşirdi, getsin alta. Türkan balıqçıları gördü. Kənd duyuq düşdü. Balıqçılar qayığa minib gəldilər. Xəzərə yiyələnmiş keşikçi katerlər pusquda imiş. Balıqçı da, onun gördüyü də yoxa çıxdı...
Dənizə qar yağır. Qarşıdan yaz gəlir. Dənizə qar yağır, başıma qar ələnir. Xəzər Dərbənd altında necə burulğanlı imiş. Bizə daha nə qar əsər edər, nə külək. Nə dalğalar batırar, nə fırtına susdurar.
Yamacda Dərbənd mayakı yanır. Dalğaların qucağında sahilə üzürəm. Allah üzümə baxar, qədim Azərbaycan şəhərinin sakinləri görər məni. Görsələr, xilas edəcəklər.
Bacılarımı öp, məni gözləmə”.