Əziz ana!
Əvvəla, salam. İkincisi, əgər zəhmət çəkib mənim əhvalımı xəbər almaq istəsən... Mən indi Dərbənd yaxınlığındayam. Çiskinli-dumanlı bir havadı. Əsla nigaran qalma, bircə gilə üşümürəm. Yaxşısı budur, hər şeyi olduğu təki sənə söyləyim. Bilirəm, gecən-gündüzün yoxdur. Bilirəm, şəhərin bütün xəstəxanalarını, meyitxanaları dolaşmısan. Bircə saat gecikəndə gəlib görürdüm, ayağından asılmış quş təki eyvandasan... Səni intizarda qoymayacam. Hər şeyi bilməlisən...
Yanvarın on doqquzundan iyirmisinə keçən gecə, haman qaramat gecə məni evdən buraxmaq istəmədin. Səni ovundurub inandırdım ki, heç nədən qorxma. Dostlarım oradadır, getməsəm, inciyərlər. Biz Tiflis prospektində, Biləcəri yoxuşunun şəhərə aşdığı yerdə dayandıq. Qoşun şəhərə soxulanda birinci bizimlə qarşılaşdı. Tanklar yeridi üstümüzə. Heç birimiz inanmadıq. Dedik, bəs qorxudurlar, çatıb dayanacaqlar. Tankların ardınca gələn soldatların avtomatdan atdığı güllələri fişəng sandıq...
Hə, əziz ana! Həndəvərimdə neçə oğlan yıxıldı, yenə inanmadım. Onda inandım ki, sinəmi güllələr odladı.
...Tanklar ötdü, avtomatlar xiyaban boyu gurladı. Biçib-tökdülər. Ardınca yeni dəstələr, maşınlar gəldi. Küçə fanarları söndürülmüşdü. Nə baş verdiyini, yoldaşlarımın başına nə gəldiyini öyrənməkdən ötrü dikəlib boylanmağa çalışdım. Yaxında bir neçə hərbi sanitar maşını dayandı. Oradan soldatlar düşdülər. Yır-yığış başlandı. Aralarında saqqallı, qarasifət cavanlar vardı. Bunlar lap insafsızdılar.
Kolların arasına cumur, küçəyə sərilmiş şəhidlərin üstünü alır, avtomatdan, tapançadan atəş açır, can verəni yenidən gülləyə tutur, öləni bir də öldürürdülər. Kürüdülər, topladılar. Ocaq çatıb yandırdılar... Bizi örtülü maşınlara mindirib, aradan çıxartdılar. Şəhərin bu yanlarına yaxşı bələd deyildim. Amma anladım, maşınlar dəniz körpülərinə gedirdi. Torpaqdan çıxıb, taxta döşəmə ilə sürdülər.
Yaxınlıqda bir neçə hərbi kater dolanmaqda idi. Körpüyə iki “Hidroqraf” gəmi bağlanmışdı. Ardımızca “Ural” avtomobilləri, PDM sanitar – “təcili yardım” gəlməkdə idi. Bizi “Hidroqraf”ın göyərtəsinə götürdülər. Düşürəndə dönə-dönə yoxlayırdılar. Fanarları üzümüzə saldılar, gözlərimizə tuşladılar. Əyilib, nəfəsimizi imsilədilər.
Tək-tək tapançalar açıldı, baltalar işə düşdü; iri bıçaqlar götürmüşdülər. Gülləyə qənaət etdilər. Tam sakitlik olsun deyə əl-ayağı tərpənəni oradaca bitirdilər. Göyərtədə üstümüzə çadır çəkdilər. Gəmi körpüdən aralandı. Səhər açılmışdı. Səfərə yollanacağımızı, amma haraya aparılacağımızı bilmədiyimiz halda, göyərtədə təşvişə düşdülər. Demə, Xəzər Gəmiçilik İdarəsi hərbi gəmilərin buxtadan çıxmağına icazə verməmişdi. Bizim neftdaşıyan, quru yük aparan böyük gəmilərimiz limanın giriş-çıxışını, kanalları tutub dayanmışdılar.
Körfəz mühasirəyə alınmışdı. Radio-ratsiya ilə danışığa başlamışdılar. Bumbuz dəmir anbarlardan nə söyləndiyini eşidirdik: hərbi donanma Xəzər Gəmiçiliyindən tələb edirdi ki, yolu açsınlar. Bizimkilər qəti etiraz edib bildirdilər: “Sizin gəmilərə baxmalıyıq. Apardığınız nədir?” “Hərbçilərin ailəsini köçürürük”, – dedilər.
Xəzər gəmiçiləri bildirdi ki, bizim adamlar sizin gəmiləri yoxlamalıdır. Əks halda, bircə hərbi gəmi limandan çıxa bilməyəcək. Üç gün öcəşdilər.