- Kiçik qruplarda birləşib yerinə yetirdiyiniz bütün işlərin nəticələrini müzakirə edin, dəqiqləşdirmə
və ümumiləşdirmə aparıb təqdimata hazırlaşın.
- Gəldiyiniz nəticə ilə bağlı təqdimat əsasında fikir mübadiləsi və müzakirə aparın.
Evdə iş
- Mövzulardan birini seçib təqdimata hazırlaşın.
- Şeirdəki hansı misraların üzərində daha çox düşündüm?
- Şeir mənə hansı əsərləri xatırlatdı?
II dərs
Təhlil üzrə iş
- Əsərin təhlilinə hazırlaşın.
- Mətni oxuyun. Tapşırıqları yerinə yetirərkən ordakı fikirlərdən faydalanın.
Bədii yaradıcılığı və ictimai fəaliyyəti ilə xalqımızın azadlıq mübarizəsinin önündə gedən Xəlil Rza
Ulutürk zindana salınmasına, təqib və təzyiqlərə baxmayaraq, tutduğu yoldan dönməmiş, əqidəsinə
sadiq qalmışdır. Qarabağın itirilməsi təhlükəsi yarananda o, xalqı silahlanmağa, vətəni müdafiə etməyə,
düşmənlə döyüşə səslədi. Bu dövrdə şairin vətəndaşlıq lirikası daha mübariz səciyyə daşımış,
həmvətənlərimizin dilinin əzbəri olmuşdur.
Mübarizəyə, döyüşə çağırış, qələbəyə inam ifadə olunan “Qaytar mənim qüdrətimi, Azərbaycan!”
şeirinin üzərində müşahidələrinizi davam etdirin, müəllifin müxtəlif mətləblərə münasibətini
aydınlaşdırmağa çalışın. Bunun üçün sözlərə, ifadələrə, təsvir və ifadə vasitələrinə diqqət yetirin.
Şairin yaradıcılığı, xüsusən “Qaytar mənim qüdrətimi, Azərbaycan!” şeiri ilə əlaqədar müxtəlif
mənbələrdən topladığınız aşağıdakı qəbildən məlumatdan təhlildə istifadə edin.
Xəlil Rza bir vətəndaş, bir insan kimi bütün xüsusiyyətləri ilə
daim sevilmişdir. Mən daim onun yaradıcılığına, insanlığına,
vətəndaşlığına, ən çox da cəsurluğuna, əyilməzlyinə, öz ideyalarından
dönməzliyinə hörmət etmişəm, onu yüksək qiymətləndirmişəm.
Heydər Əliyev
Ümummilli Lider
Xəlil Rza Ulutürk ensiklopedik zəkalı alim, böyük ürək sahibidir.
Alimlik, şairlik, vətəndaşlıq, qeyrət və hünər onun şəxsiyyətində
birləşmişdir, amma hansı tərəfdən baxsan, o, qüdrətli,
coşqun, Prometey hünərli şairdir.
Qulu Xəlilli
Azərbaycanın azadlığı və müstəqilliyi yolunda mübarizəni öz
yaradıcılıq amalına çevirən Xəlil Rzanın cəsarətli vətəndaşlıq
şeirlərində zamanın nəbzi döyünürdü. Keçən əsrin 80-90-cı
illərində öz dövrünə sığmayan ictimai fəaliyyəti və mübariz
şeirləri Xəlil Rzanı, obrazlı desək, dəryada qopan tufanın azman
dalğaları ilə çarpışan fırtına quşuna bənzədirdi. Sarsıntı keçirən
imperiyanın öz ömrünü uzatmaq üçün qana susadığı bir vaxtda
odlu-atəşli şeirləri ilə qıy vurub hamını ölüm-dirim mübarizəsinə
səsləyən Xəlil Rzanın hünərini yalnız döyüşkən nəğməsi
ilə qorxunc dalğalara meydan oxuyan fırtına quşunun
cəsarətinə bənzətmək olar.
Teymur Əhmədov