XƏLİL RZA ULUTÜRK
(1932 – 1994)
• Yüzilliyimizin böyük vətəndaşlarından
biri olan xalq şairi Xəlil Rza Ulutürk
təkcə böyük şair, görkəmli alim, əvəzsiz
tərcüməçi deyildi. O həm də azadlığı
“qram-qram” istəməyən, milli mənliyimiz
yolunda qələmini qılınca çevirən
Babəkimiz idi.
Şahmar Əkbərzadə
Yada salın
- Xəlil Rza Ulutürkün hansı əsərləri ilə tanışsınız?
- Onun əsərlərində diqqətinizi daha çox çəkən nə olub?
Düşünün
- “Vətən üçün təhlükə yarananda həqiqi sənətkarın qələmi süngü,
özü əsgər olur” cümləsində ifadə olunmuş fikri doğru saymaq
olarmı?
Oxuda aydınlaşdırın
- Əsərdə tanış olmayan sözlərin mənasını lüğətlərin, sorğu
kitablarının köməyi ilə aydınlaşdırın.
- Əsərdəki bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirin.
QAYTAR MƏNİM QÜDRƏTİMİ, AZƏRBAYCAN!
(ixtisarla)
Başım, beynim tüstülənir, varlığımda kədər, təlaş.
Gözlərimdə ildırımdır damla-damla axan qan-yaş.
Mən yenidən doğulmasam, daşam, inan, qupquru daş.
Taqətim ol, qeyrətim ol, qoy dirçəlim yavaş-yavaş.
Sənsən həsrət gözlərimin həm qarası, həm də ağı.
Qaytar mənim qüdrətimi, Odər yurdu, Od torpağı!
Mən bilirəm: dərdlərini yumruğunda sıxacaqsan.
Sən bu dibsiz cəhənnəmdən çıxacaqsan…Üzü ağsan.
Nurlu dağsan… zülmət dağı devirəcək, yıxacaqsan.
Boğazından yapışanı boğmalısan, boğacaqsan.
Təbrizləri, Ülviləri sən yenidən doğacaqsan.
Öz bətnindən doğacaqsan İstiqlalı, Azadlığı.
Qüdrətim ol, ey ümidim, ey qəhrəman Od torpağı!
Nə Bağ Ata əfsanədir, nə Nizami, nə də Babək.
Gözlərinə Nəiminin, Nəsiminin şəklini çək.
Həqiqəti dəfn eləmək istəyənlər gəbərəcək.
Bağrı yanmış Qarabağım bir də qalxıb göyərəcək.
Göyərəcək çiçək-çiçək, lalə-lalə, ləçək-ləçək.
Gözlərimin çeşməsilə suvarıram o növrağı,
Növrağımsan, bayrağımsan, Odər yurdu, Od torpağı!