Vətənimizin ikiyə bölünərək parçalanması, Rusiyanın və İranın müstəmləkəsinə çevrilməsi ədəbiyyatımızda, incəsənətimizdə etiraz, acı təəssüf, kədər hissi ilə dolu yüzlərlə əsərin yazılmasına səbəb olmuşdur. Ciddi qadağalara baxmayaraq, B.Vahabzadənin 1959-cu ildə çap etdirdiyi “Gülüstan” poeması böyük əks-səda doğurdu. Müəllif təqib və təzyiqlərə məruz qaldı, ona millətçi damğası vuruldu. Ədib bu əsərində Azərbaycanı bölən tərəflərin hər ikisini yad adlandırır, xalqın taleyi barədə ondan xəbərsiz hökm vermələrinə qəzəb dolu etirazını bildirir. Torpaq qeyrətli babaların yeni nəsillərə qoyub getdiyi ən dəyərli, müqəddəs əmanətdir. Şair Azərbaycanın parçalanmasına imkan verilməsini xəyanət, Tomrislərin, Koroğluların, Babəklərin ruhuna təhqir sayır.
B.Vahabzadə ölkəmiz müstəqillik əldə etdikdən sonra – 1999-cu ildə “Gülüstan”ın davamı kimi “İstiqlal” poemasını yazmışdır. Əsərdə xalqımızın igid övladlarının mübarizəsindən, şəhidlərimizin qanı bahasına əldə edilmiş müstəqillik və azadlıqdan qürurla danışılır. Poemada xalqımızla, vətənimizlə bağlı taleyüklü problemlər əksini tapmışdır. Bütün bunları aydınlaşdırmaq, yazıçının niyyətini, əsərdəki mətləbləri açıqlamaq üçün əsərin üzərində müşahidələrinizi davam etdirin, tapşırıqların yerinə yetirilməsinə ciddi yanaşın.
s.s. | Müqayisə hansı əsaslar (cəhətlər) üzrə aparılır | “İstiqlal” poeması | “İstiqlal marşı” şeiri |
1. | Mövzu | ||
2. | Problem | ||
3. | Vətənin və xalqın azadlığına münasibət | ||
4. | Azadlıq uğrunda şəhid olanlara münasibət | ||
5. | Xalqların milli azadlıq hərəkatına qənim kəsilənlərə münasibət | ||
6. | Vətənin gələcəyinə münasibət | ||
7. | İdeya |