O şənbə gecəsi ölüb-dirildik,
Şərəf papaq oldu, başlara qondu.
O qətl gecəsi xalqın min illik
Şücaət tarixi təkrar olundu.
Qatil gülləsinə qurban gedirkən
Gözünü sabaha dikdi şəhidlər.
Üçrəngli bayrağı öz qanlarıyla
Vətən göylərinə çəkdi şəhidlər.
O şənbə gecəsi, o qətl günü
Mümkünə döndərdik çox namümkünü.
Xalqın qəlbindəki qorxu mülkünü
O gecə dağıdıb sökdü şəhidlər”.
...Quzeydə yerini göstərdik yada,
Zorun təməlini haqq deşə bildi.
Gördük, bizdən başqa, bu gen dünyada
Bütün ayrılanlar birləşə bildi.
Biriykən ikiyik, bu halımızla
Biri-birimizə həsrət qalmışıq.
Biz hələ bu gün də xəyalımızla
Həsrətin üstündən körpü salmışıq.
Daş körpü – vəhdətim, daş Xudafərin!
Gərəksiz daşların qalağı oldu.
Üstündən bir kimsə keçə bilmədi,
Bölünən bir xalqın göz dağı oldu.
İki əsrdir ki, o daş körpünün
Bu tayında mənəm, o tayında sən.
Sökülüb-dağılır daşlar günbəgün
Sərhəd dirəkləri xəbərsiz oldu.
Bizim qəlbimizdən keçən körpüdən.
Qəsbkar qəsdini əbədi sanmış,
İki başda duran tağlara bir bax.
Çoxu dağılsa da, dimdik dayanmış
Birinci tağ ilə axırıncı tağ.
O tağın biri mən, o biri sənsən,
Onlar əsrlərlə dözüb sellərə.
Selin zərbəsinə tağlar dözübsə,
Nə gəlib arzusu bir könüllərə?!