Bir vahid millətə iki hakimin
Dili doğmalaşdı... Bu lap ağ oldu.
Doğma anamızın şəkərdən şirin
Bizə öyrətdiyi dil yasaq oldu.
Özündən, sözündən qaçaq dilimiz
İslanıb üşüdü qarda, çisəkdə.
Yüksək məqamlarda yasaq dilimiz
Qovulub yaşadı kənddə-kəsəkdə.
İnsan olmaq üçün uşaq dil açar,
Yasaqlar önündə biz dilsiz olduq.
Dil varsa, xalq da var, şan-şöhrət də var,
Dil yoxsa, millət yox, heç varlıq da yox.
... Quzeydə ayağa qalxdı məmləkət,
Bir təpə bir dağla üz-üzə gəldi.1
Millətin qəlbində boy atan nifrət
Köksün həmləsiylə o dağı dəldi.
Yaman acıq gəldi bu nifrət ona,
Tankların altında əzdi milləti.
Sığdıra bilmədi dağ qüruruna
Təpə önündəki məğlubiyyəti.
Millət millət olur arzu, niyyəti,
İnamı, inadı, öz imanıyla.
Dərk edib bu haqqı, bu həqiqəti,
Suvardıq torpağı şəhid qanıyla.
I I
Eşidib qəlbimin üsyan səsini,
Yazdım “Şəhidlər”in faciəsini:
“Dilək bir çiçək də bitirə bilməz,
Bu gündən sabaha körpü olmasa.
Azadlıq ağacı bar verə bilməz,
Şəhidlər qanıyla suvarılmasa ...
O şənbə gecəsi gecikdi səhər,
Zaman itirmişdi o gün sağ-solu.
Ömürdən keçərək, keçdi şəhidlər
Bir qanlı gecədə minillik yolu.
1 1990-cı il 20 Yanvar qırğınına işarədir.