Yaşlı erməni yerdə qalan süfrə və dəsmalları, Xəzangülün heç geymədiyi iki cüt ayaqqabını və başqa xırım-xırda şeyləri də kisəyə doldurub çıxdı. Xəzangülün ayaqları altına atılmış körpənin rəngi çığırmaqdan gömgöy olmuşdu. Ana əyilib onu qaldırmağa cəhd etsə də, bacarmadı. Levon əmr etdi ki, tərpənməsin. Birdən nə fikirləşdisə, daha uca səslə bağırdı:
– Qızılların yerini deyəcəksən, ya yox?
– Dedim ki, bizim qızılımız yoxdur.
– Yalan deyirsən!
– Allah haqqı, düz sözümdür.
– İndi deyərsən.
O, kəmərinə bağladığı bıçağını çıxarıb yorğanın üstünə atdı:
– Al, öldür körpəni öz əlinlə. Ya qızılların yerini deyəcəksən, ya onu öz əlinlə öldürməlisən. Boğazını üzməlisən.
Xəzangül qulaqlarına inanmadı. Ayaqları altında ağlamaqdan artıq səsi xırıldayan körpəsini görməsəydi, ona elə gələrdi ki, yuxu görür. “Yox, yox. İnsan övladı bu sözləri dilinə gətirə bilməz. Bu, ancaq heyvan bağırtısıdır”.
O, cəhənnəmdə idi. Ona əmr eyləyənsə Əzrayıl idi. Aman Allah, kaş onun özünü öldürəydi, körpəsinin qətlini gözləri ilə görməyəydi.
Kin, qəzəblə dolu quldur gözləri ilə mərhəmət diləyən, kövrək yalvarışlarla cilvələnən ana gözləri bir-birinə zillənmişdi. Biri qana hərisdi, o biri isə məsum bir körpənin keşiyində durmuşdu. Bunun sonu necə olacaqdı?
Araya çökən sükut erməninin səbrini tükəndirdi. Avtomatın qundağı ilə körpəni vurub bağırdı:
– Deyəcəksən, ya yox?
Xəzangül var gücü ilə qışqırdı, erməninin üzünə tüpürdü:
– Alçaq! – dedi.
Erməni tövrünü pozmadan üzünü sildi:
– Gördün ki, mən sənin hərəkətini necə qəbul elədim. İndi görək sən də mənim hərəkətim qarşısında belə sakit dura biləcəksən? Götür bıçağı.
Xəzangül onun niyyətini əvvəlcədən başa düşmüşdü. Körpəsini öz əliylə ona öldürtmək istəyirdi. Buna görə ona yalvarmadı, qürurunu pozmadı. Bıçağı əlinə alıb öz hökmünü verdi:
– Körpəni mənə ver. Mən əyilə bilmirəm.
Erməni onun belə qətiyyətinə məəttəl qaldı. Qaşlarını çatıb diqqətlə ona baxdı.
– Niyə durmusan? Uşağı mənə ver. İndi görərsən ki, mən səndən də sakit duracağam. Onu necə dünyaya gətirmişəm, eləcə də öldürəcəyəm.
Levon uşağı götürmək üçün Xəzangülün ayaqlarına tərəf dartılarkən, Xəzangülün qarşısında qəribə bir mənzərə açıldı; erməninin kürəyi Xəzangülün gözlərində ani olaraq elə böyüyüb açıldı ki, sanki geniş bir meydandır. Ürəyində Allahı köməyə səslədi və bir anı belə itirmədən bıçağı, elə bil hardansa qüvvət almış əli ilə düşmənin kürəyinə elə sancdı ki, erməni heyvan kimi bağırıb üzü üstə düşdü.