Birdən eşik tərəfdən hənirti eşidildi. Səslər getdikcə gücləndi. Xəzangül yaxınlıqda erməni danışıqlarını aydın ayırd edə bildi. Bundan dəhşətə gəldi: “Aman Allah, ermənilər kəndə giriblər”.
Bədənini titrəmə bürüdü. Yarpaq kimi əsən əlləri ilə körpəsini beşiyindən qaldırıb sinəsinə basdı. Buz kimi soyuq yanaqları ilə süzülən göz yaşları anasını əmməyə başlamış körpənin də sifətini islatdı. Xəzangülün ürəyi sanki sinəsindən qopub boğazında çırpınırdı.
Birdən qapıya vurulan təpik onu daha da sarsıtdı. Qapının cəftəsi yerindən qopub düşdü. İki nəfər yekəpər saqqallı erməni içəri soxuldu. Bir anlığa astanada durub otağa göz gəzdirdilər. Sonra əllərindəki avtomatı düz Xəzangülə tərəf tuşladılar. Uzandığı yerdə sanki daşa dönmüş Xəzangülün gözləri bərələ qalmışdı. Qorxudan kirpik də çala bilmirdi. Yoldaşından xeyli cavan görünən o biri erməninin belindən dəstəyi ceyran ayağından olan bıçaq da asılmışdı. O yoldaşını dümsüklədi:
– Sarkis dayı, bunu, deyəsən, bizə qənimət qoyub gediblər axı.
Bunu deyərək, Xəzangülün yatağına yaxınlaşdı. Bir həmlə ilə əlini uzadıb yorğanı onun üstündən çəkdi. Xəzangülün sarıqlı ayağını görüb istehza ilə gülümsədi:
– Belə de. Demək, buna görə qaçmamısan, – o, Xəzangülü süzəndə Xəzangül gücbəla ilə əyilib, yorğanı sinəsinədək yuxarı çəkdi. Erməninin saqqallı sifətində iyrənc bir istehza duyuldu.
Sonra avtomatlarını çiyinlərindən çıxarıb, otağın künc-bucağını axtarmağa başladılar. Hər yeri eşib tökdülər. Yoldaşının “Sarkis” çağırdığı yaşlı erməni dedi:
– Levon, sən bunların dilini yaxşı bilirsən. Soruş ki, qızıl və bəzək şeylərini harada gizlədib.
Cavan erməni yenə Xəzangülə yaxınlaşıb amiranə bir tərzdə soruşdu:
– Axçi, de görüm, qızıllarınızı harada gizlətmisən?
Gözləri hələ də bərələ qalmış Xəzangüldən səs çıxmadı. Dinə bilmirdi. Sözlər elə bil boğazında ilişib qalmışdı.
– Hə, dinsənə, cavab ver.
Xəzangül, nəhayət, səsi boğazında tıxana-tıxana dedi:
– Bizim qızılımız yoxdur.
– Yalan deyirsən, qızılların yerini de. Görürəm, sırğalarını da çıxarıb gizlətmisən.
– Bizim qızılımız yoxdur, – Xəzangül yenə təkrar etdi, – inanmırsan, axtar, bax.
Yoldaşı soruşdu:
– Hə, nə deyir?
– Deyir ki, qızılımız yoxdur. Özümüz axtarıb taparıq. Müsəlman ola, qızılı olmaya. Gəl bəri, özümüz taparıq.
Levon Xəzangüldən uzaqlaşanda onu hədələdi:
– Heç eybi yoxdur. Bunun əvəzində gör sənin başına nə oyun açacağam.