Ədəbiyyata gələn yeni qüvvələr – M.Cəfər, O.Fikrətoğlu, M.Nur, K.Nəzirli, E.Zal, S.Sarvan, imzaları daha sonra görünən R.Nazimqızı, A.Əlizadə, İ.Qismət, C.Zeynalov və b. yaradıcılıq axtarışlarını davam etdirirlər.
Bu illərdə müasir mövzulara müraciət halları az olmamışdır. Xalqımızın qan yaddaşı olan 20 Yanvar, faciələrə yol açmış Qarabağ müharibəsi müxtəlif nəsillərin nümayəndələri üçün mövzu mənbəyi olmuşdur. S.Əhmədlinin hekayələri, S.Səxavətin “Nekroloq”, Ə.Əmirlinin “Meydan”, İ.Məlikzadənin “Qırmızı şeytan” və s. insanlarımızı düşündürən taleyüklü problemlərin uğurlu bədii həllini verən maraqlı əsərlər kimi qarşılanmışdır.
Müstəqillik dövründə dramaturgiya da durğunluq dövrü keçirməmiş, müxtəlif nəsillərə mənsub sənətkarların fərqli mövzularda qələmə aldıqları onlarla əsər meydana çıxmışdır. Tarixi mövzularda yazılan əsərlərin əksəriyyətində (B.Vahabzadə. “Özümüzü kəsən qılınc”, N.Həsənzadə. “Pompeyin Qafqaza yürüşü”, İ.Əfəndiyev. “Hökmdar və qızı” və s.) çağdaş oxucunu düşündürən, narahat edən məsələlər – vətənin, xalqın azadlığı və müstəqilliyi, milli təəssübkeşlik və s. ifadə olunmuşdur.
Həmin illərdə ailə-məişət mövzusunda əsərlər (İ.Əfəndiyev. “Ağıllılar və dəlilər”, B.Vahabzadə “Rəqabət”, Ə.Əmirli “Varlı qadın” və s.), sosial problemlərin əks olunduğü dram və komediyalar (Elçin. “Ah Paris, Paris”, A.Babayev. “Əlin cibində olsun” və s.), psixoloji səpkidə bədii nümunələr (Elçin. “Qatil”, F.Mustafa. “Tıxac” və s.) ərsəyə gəlmişdir.