III MƏRHƏLƏ
Dövlət müstəqilliyi dövründə Azərbaycan ədəbiyyatı
(1991–ci ildən günümüzə qədər)
Bütün dünyada “xalqlar həbsxanası” kimi tanınan SSRİ-nin siyasi həyatında 1980-ci illərin ortalarından başlayaraq ciddi dönüş başlandı. Əslində, ictimai həyatın bütün sahələrində belə bir dönüşə cəhd göstərilirdi. Zəifləmiş iqtisadiyyatı dirçəltmək, inkişaf etdirmək üçün sürətləndirmə adı altında başlanılan proses az sonra yenidənqurma adlandırıldı. Lakin iqtisadiyyatda əhəmiyyətli bir irəliləyişə nail olunmadı. Bütün respublikalarda siyasi-iqtisadi böhran gündən-günə artırdı. Aşkarlıq və demokratiyanın dərinləşməsi sovet quruluşunun eybəcərliyinin köklü şəkildə açıqlanmasına və tənqidinə imkan yaratdı. Milli müstəqillik uğrunda xalq hərəkatı SSRİ adlanan imperiyanın hər yerində baş qaldırdı və gücləndi. Rus çarizminin sınaqdan çıxmış milli ədavətlərin qızışdırılması siyasəti də rus sovet imperiyasına lazımınca yardım edə bilmədi. Soydaşlarımızın Qərbi Azərbaycandan didərgin salınması, 1990-cı ilin qanlı 20 Yanvar faciəsi, Qarabağ uğrunda müharibə, Moskvanın erməni qəsbkarlarına hər cür köməyi, iftira, hiylə və böhtanları xalqımızı azadlıq uğrunda mübarizədən döndərə bilmədi. Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlişi isə milli müstəqilliyini bərpa edən Azərbaycanın daxilindəki siyasi çəkişmələrə son qoydu.
Çox qısa bir zaman kəsiyində baş verən bu mühüm hadisələr sovet ideologiyası kimi, sosialist realizmini də tarix səhnəsindən süpürüb atdı. 1980-ci illərin ikinci yarısından başlayaraq həyat həqiqətlərinə yeni bədii təfəkkürün işığında yanaşma daha da gücləndi və artdı. Bu, tarixi mövzularda yazılmış əsərlərdə də (İ.Əfəndiyevin “Şeyx Xiyabani”, N.Xəzrinin “Torpağa sancılan qılınc”, F.Kərimzadənin “Çaldıran döyüşü” və s.) özünü göstərirdi. Başqa sözlə, həmin əsərlərdə xalqın taleyi və tarixi şəxsiyyətlər çağdaş yanaşmanın, yeni təfəkkürün prizmasından dəyərləndirilirdi.
Müstəqillik dövründə fəaliyyət göstərən ədəbi qüvvələri müxtəlif nəsillər təmsil edir. Poeziyada böyük təcrübəyə malik B.Vahabzadə, N.Xəzri, Qabil, X.R.Ulutürk, M.Araz, F.Qoca, N.Həsənzadə və digər xalq şairləri ilə bərabər, sonrakı nəsillərin nümayəndələri: F.Sadıq, S.Rüstəmxanlı, R.Rövşən, M.İsmayıl, D.Gədəbəyli, R.Behrudi və b. yazıb-yaradırdılar.
“Şəhidlər” (B.Vahabzadə), “Salatın” (N.Xəzri) poemaları, X.Rzanın “Davam edir 37” kitabında toplanmış əsərlər və çap etdirdiyi digər şeirlər ideya-bədii keyfiyyətinə görə yeni ədəbi hadisə kimi qarşılandı.
Nəsrin zənginləşməsinə müxtəlif nəsillərin nümayəndələri: Ə.Məmmədxanlı, İ.Hüseynov, İ.Şıxlı, S.Əhmədov, Anar, Elçin, Y.Səmədoğlu, S.Səxavət, E.Hüseynbəyli və digər yazarlar az töhfə verməmişlər.