Sabir Rüstəmxanlı
SAĞ OL, ANA DİLİM!
(ixtisarla)
Yollarım sınandı yad ölkələrdə,
Neçə yad dodaqda səsləndi adım.
Sağ ol, ana dilim, məni heç yerdə
Köməksiz qoymadın, yalqız qoymadın.
Barmağım altında düymə fırlanır,
Londonla, Parislə yanaşı Bakı...
Doğma sözlər üçün darıxan hanı?
Deyin, qoy dinləsin: “Danışır Bakı!”
Danışır, açılır ömrün baharı,
Dünyaya mən onun qoynundan uçdum.
Mənim ürəyimin antenaları
Gözəl Azərbaycan dilinə tuşdu.
Döyüşdə qılınctək sıyrıldı qından,
Başımın üstündə bayrağım oldu.
Torpağım ikiyə bölünən zaman
Bu dil bölünməyən torpağım oldu.
Utansın tarixə dəllallıq edən,
Tarix qapısına açar sözlər var.
Pərdəni qaldırsan beş-on kəlmədən
Qondarma cildlər tar-mar olar.
Bu dildə sevincim, qəmim, kədərim,
Təzə ümidlərə açılan səhər.
Bu dilin reaktiv təyyarələri –
Araz sərhədini qıran kəlmələr.
İpək nəğmələrim gülləbatmazdı,
Qolunu qandalla bağlamaq olmaz.
Bu taydan o taya arxayın keçən,
O taydan bu taya arxayın keçən
Dilin sənədini yoxlamaq olmaz!
Sevginin yolunu saxlamaq olmaz!
Sağ ol, ana dilim, ana öyüdüm,
Füzuli eşqindən divanə dilim.
Ürəyim başına nəfəs dərmədən
Fırlanıb kül olan pərvanə dilim.
Aladağ, Qaradağ... di seç, di ayır,
Dağları basılmaz ordum sanmışam.
Harda bircə kəlmə sözüm yaşayır,
Oranı halalca yurdum sanmışam.
Qapılar dalında qoydular səni,
Haqq dedin, dabandan soydular səni,
Ancaq məhv olmadın, anam, can dedim,
Ordular sarsıdan qəhrəman dilim!
Ömrüm qırılmazdı, yol qırılsa da,
Səninlə həmişə mən üzüağam.
Bədənim torpağa tapşırılsa da,
Ruhumu mən sənə tapşıracağam.