Əsərdə diqqətimi daha çox cəlb edənlər | Bunun səbəbi |
Bədii təsvir və ifadə vasitələrinin işləndiyi cümlələr | Bədii təsvir və ifadə vasitələrinin növü |
İlk qələm təcrübələrindən oxucuların rəğbətini qazanan Elçinin əsərləri çox vaxt adi mövzularda olur. Yaratdığı ədəbi qəhrəmanları da, əksər hallarda, sadə insanların arasından seçir. Amma bu adi mövzular oxucuların diqqətini ən mühüm həyati, ictimai-siyasi problemlərə çəkməkdə yazıçıya mane olmur. Eləcə də sadə adamların mənəvi-əxlaqi keyfiyyətlərinin ustalıqla təqdimi bütöv bir cəmiyyət barədə aydın təsəvvür yaradır. “Talvar” hekayəsinin qəhrəmanı Əliabbas kişi də sadə peşə adamı olub, ömrünü zəhmətlə keçirmişdir. Adi bir əhvalat – xartutun parçalanması çoxsaylı ailə üzvlərinin, eləcə də məhəllədəki insanların Əliabbas kişiyə münasibətini daha qabarıq üzə çıxarır. Məlum olur ki, Əliabbas kişi ömrünü hədər yaşamamışdır. Onun ömrünü mənalı edən nədir? Yazıçı xartutun ömrünün sonu ilə Əliabbas kişinin ömrünün sonu arasında hansı əlaqə görür?
Əsərin üzərində müşahidələrinizi davam etdirin, yazıçının oxucuya çatdırmaq istədiyi bu mətləbləri aydınlaşdırmağa çalışın. Elçinin yaradıcılığı ilə bağlı aşağıdakı qəbildən məlumat toplamağa çalışın. Bu, tapşırıqları daha səmərəli yerinə yetirməyinizə imkan yaradacaqdır.
“Elçində bədii idrak duyğusu güclü və cəlbedicidir. Müxtəlif əhvali-ruhiyyəli, müxtəlif fərdi həyat yolları keçən adamların mənəvi aləminə eyni zamanda dərindən nüfuz etmək qabiliyyəti onun yazıçılıq istedadının ən qüvvətli cəhətidir. Onun müxtəlif sənət sahibləri olan obrazları nəinki mənəvi-əxlaqi keyfiyyətləri, arzuları, əməlləri, həm də peşələrinə və yaşlarına görə də qocası qoca, cavanı cavan, uşağı uşaq kimi inandırıcıdır, realdır”.
M.C.Cəfərov