– Doğrudan? Çox sağ ol, ay Əliabbas dayı! Amma eləsini düzəlt ki, heç bir məhəllədə belə skamya olmasın! Balaca bir talvarı da olsun, Əliabbas dayı, yayda gün düşməsin üstümüzə...
Əliabbas kişi:
– Neynək, – dedi, – talvar da düzəldərəm. Taxta lazımdı bir az...
Əliabbas kişi səhəri gündən işə başladı, qəssab Ağanəcəfgilin küçə qapısı ağzında skamya düzəltdi, balaca bir talvar üçün taxta dirəklər hazırladı və onun cəmi bircə günlük işi – talvarı düzəltmək qalmışdı.
Bütün məhəllə bu fikirdə idi ki, bu skamya Əliabbas kişinin sonradan-sonrakı ustalığının şah əsəridi. Həmin oktyabr səhəri Bakıya elə bil təzədən yay qayıtmışdı və yüz yaşlı xartutun həyətə səpələnmiş xəzəli ilə belə bir isti heç uyuşmurdu. Çayniki qazın üstünə qoyub səhər-səhər tabaqçada qənd doğrayan Anaxanım şüşəbənddən həyətə baxırdı. Arvadın gözü qayınatasının alətxanasına sataşdı, sonra kişinin yatdığı evin qapısına tərəf boylandı və necə oldusa, birdən-birə Anaxanımın ürəyini bir nigarançılıq bürüdü. Əliabbas kişi həmişə bu vaxtlar həyət-bacada dolaşardı. Bir müddət keçdi, kişilər oyandı, uşaqlar tələm-tələsik çay-çörəklərini yeməyə başladılar ki, məktəbə gecikməsinlər. Əliabbas kişi həyətə çıxmadı.
Anaxanım çəkinə-çəkinə qayınatasını işə getməyə hazırlaşan Ağamuxtardan xəbər aldı. Ağamuxtar arvadının gözlərinin içinə baxdı, bir söz demədi və həyətə düşüb atasının yatdığı otağa girdi. Əliabbas kişi gecə yuxuda ikən keçinmişdi.
Həmin gün bütün məhəllə gecə yarısına kimi Əliabbas kişigilin həyətinə gəlib-getdi, yüz yaşlı xartutun altında düzülmüş stullarda, kətillərdə oturub bir stəkan çay içdi, Ağamuxtarla Fətullaya başsağlığı verdi. Çoxadamlı o həyət elə bil kişinin getməyilə yetimləşmişdi.
O isti payız günü yüz yaşlı tut ağacı da tək-tənha idi. Səhər isə məhəllə görünməmiş bir hadisənin şahidi oldu: Balacaxanımın küçə qapısı ağzındakı skamyanın üstündə çox yaraşıqlı bir talvar var idi. Bütün məhəllə: qəssab Ağanəcəf də, ağlamaqdan gözləri qızarmış Balacaxanım da, Əliabbas kişinin oğul-uşağı da bu işə heyrət etdilər. Məhəllənin lap balaca uşaqları arasında belə bir inam vardı və ümumiyyətlə, məhəllədə belə bir şayiə gəzirdi ki, Əliabbas kişinin çəkic-mişarı, rəndə-kəlbətini gecə öz-özünə gəlib ustanın yarımçıq qalmış işini qurtarıbdır.
Bədii təsvir və ifadə vasitələrinin işləndiyi cümlələr | Bədii təsvir və ifadə vasitələrinin növü |