Bir az keçdi və göyün üzü yenə tutuldu. Bağçadakıların çoxu – uşaqlı analar, qoca arvadlar yavaş-yavaş durub getdilər və bu zaman iyirmi beş-iyirmi altı yaşlarında bir oğlan Əliabbas kişiyə yaxınlaşıb alətlərə baxdı, salamsız-kalamsız soruşdu:
– Neçiyədi, kişi, bu zubul?
Əliabbas kişi istər-istəməz, ilk növbədə, bu oğlanın əllərinə baxdı və oğlan da həmin baxışların mənasını başa düşdü; onun belə bir inamsızlıqdan xoşu gəlmədi:
– Nədi, kişi, əlimə baxırsan, görəsən, ustayam, ya yox? Ustayam, özü də lap yaxşısından, lap kefin istəyəndən, əlimdə də, bax görürsən, bir dənə döyənək də yoxdu. Əlcəklə işləyirəm mən, elektriklə işləyirəm. Sənin bu zubulun da heç kimə lazım deyil indi, dükanlar doludu elektrik dreli ilə, on üç manat əlli qəpiyə biri...
Əliabbas kişi bu şəstli oğlana:
– Get, bala, get, – dedi. Get, al elektrik dreli. Səni qısnayan var ki, gəl bu zubulu al?
Oğlan bir söz demədi, əlini o tərəf-bu tərəfə yellədi və çıxıb getdi. Bu oğlan, bəlkə də, usta idi və bəlkə, doğrudan da, kefin istəyən usta idi, amma onun ürəyi usta ürəyi deyildi. Üçüncü gün həmin oğlan Əliabbas kişinin çəkic-mişarı ilə maraqlanan yeganə adam oldu.
Dördüncü gün Əliabbas kişi həyətə çıxıb alətxananı açdı, torbasını götürdü və hərəsi öz pəncərəsindən həyətə baxan Anaxanımla Məsmə bu dəfə mənalı-mənalı bir-birinə baxdılar, yəni ki ağbirçək vaxtımızda görəcək günlərimiz varmış. Əliabbas kişi həyət qapısından çıxıb təzə bağçaya getmək əvəzinə, torbanı qapının ağzındakı yarımçıq skamyanın üstünə qoydu. Qollarını çırmalayıb skamyanı düzəltməyə başladı və ən qəribəsi də bu oldu ki, mismarlar düz getdi, balta da öz işini neçə-neçə illər bundan əvvəlki kimi, səliqəli gördü, çəkic də, rəndə də, kəlbətin də Əliabbas kişinin qupquru quruyub qaxaca dönmüş əli nə istədisə, onu elədi.
Bir saat-saat yarımdan sonra skamya hazır oldu və Anaxanıma da, Məsməyə də elə gəldi ki, qayınataları yenə iyirmi-otuz il bundan qabaqkı usta Əliabbasdı. Səhəri gün Əliabbas kişi evin qapı-pəncərəsinə əl gəzdirməyə başladı, sonra həyətin şüşəbəndini səliqəyə saldı, sonra qonşulara baş çəkdi, sürahilər təzələndi, pəncərə çərçivələri sahmanlandı, həyətlərin ikinci mərtəbəyə qalxan taxta pilləkənləri qaydaya düşdü və yavaş-yavaş yay keçib getdi, payız başladı.
Əliabbas kişinin isə yenə qolları güclü, hərəkətləri cəld, sərrast idi. Bütün məhəllə və o cümlədən də Əliabbas kişinin oğul-uşağı ustanın birdən-birə beləcə cavanlaşmasına məəttəl qalmışdı.
Hamı bu fikirdə idi ki, Əliabbas kişi də həyətlərindəki xartut kimi, yüzü ötəcək. Balacaxanım hərdən gəlib Əliabbas kişigilin küçələrinin ağzındakı skamyada otururdu. Balacaxanım ləzzətli söhbətlər edə-edə, bərkdən şaqqanaq çəkib gülə-gülə o qədər tum çırtlayırdı ki, bütün səki tum qabığı ilə dolurdu.
Bir dəfə də tərs-tərs bir ona, bir də səkinin üstündəki tum qabıqlarına baxan Əliabbas kişiyə dedi:
– Süpürəcəyəm, ay Əliabbas dayı, süpürəcəyəm hamısını. Neyniyim, bizim qapının ağzında bir skamya düzəltmirsən də mənimçün...
Əlbəttə, Balacaxanım söz idi, deyirdi və heç vəchlə gözləmirdi ki, Əliabbas kişi deyəcək:
– Neynək, sizin də qapının ağzında səninçün bir skamya düzəldərəm...
Balacaxanım elə bil ömründə bu cür sidq-ürəkdən sevinməmişdi: