Kişinin yenə alətxananı açıb çəkic, mişar götürməyini pəncərədən birinci Məsmə gördü və elə başa düşdü ki, qayınatası küçə qapısı ağzındakı yarımçıq qalmış skamyanı təzədən düzəltmək istəyir, tez Fətullanı səslədi. Fətulla şüşəbənddə oturub çay içə-içə televizorun gündüz verilişlərinə baxırdı: axşamlar bütün həyətin qız-gəlini, arvadları yığışırdı Fətullagilin şüşəbəndində televizora baxmağa və kişilərin də küçəyə çıxıb səkidə nərd oynamaqdan və nərd oynayanlara tamaşa etməkdən başqa çarələri qalmırdı. Fətulla həyətə çıxdı, sonra Ağamuxtar həyətə çıxdı, Əliabbas kişinin gəlinləri pəncərələrdən boylandılar və hamı bu təzə xəbərdən tamam dilxor oldu. Ağamuxtar dedi:
– A kişi, axı dost var, düşmən var, başlayacaqsan çəkic satmağa?
Ağamuxtar bu sözləri dedi, amma atasını da yaxşı tanıyırdı və bilirdi ki, kişinin beyninə bir şey girdisə, onu ordan dartıb çıxarmaq çətin işdi.
– Yəni başlayacaqsan əməlli-başlı çəkic-mişar satmağa? – bunu da Fətulla dedi.
Bu söz-söhbət Əliabbas kişinin xoşuna gəlmədi və o, oğul-uşağın üstünə çımxırdı:
– Gedin, gedin öz işinizlə-gücünüzlə məşğul olun, mənim başıma ağıl qoymayın!
Amma Əliabbas kişi burasını demədi ki, nə satmaqbazlıqdır?! Bir yaxşı usta çıxsa qarşısına ki, bu alətlərə sərraf gözü ilə baxa bilir, qolunda gücü var, ayağında da taqət, pulsuz-zadsız halal edər ona bu çəkici də, mişarı da, rəndəni də və başqa nəyi varsa, hamısını.
Əliabbas kişigilin məhəlləsindən yeddi-səkkiz tin aşağıda təzə bağça salınmışdı və birinci gün usta hələlik dörd alət seçib bu bağçaya gələndə, skamyalardan birində əyləşib alətləri də yanına düzəndə, təsbehini çevirə-çevirə fikirləşdi ki, istirahət, doğrudan da, qiyamət şeydi. Adamlara baxdı, uşaqlara baxdı və əvvəlcə narahat oldu ki, uşaqlar indi yığılacaq başına, başlayacaqlar mişara, rəndəyə baxmağa, amma bir az keçdi, yanından ora-bura yüyürən, bir-biri ilə oynayan uşaqların heç biri ona tərəf məhəl qoymadı, heç ayaq saxlayıb bu alətlərə baxmadı da və Əliabbas kişi fikirləşdi ki, doğrudan da, dünya yaman dəyişib. Uşaqların hərəsinin əlində avtomat, tapança, rəngbərəng balaca vedrə, bel, yüz cürə oyuncaq var, kimdi bu mişara, çəkicə fikir verən. Kişi bunu fikirləşdi və ürəyi ağrıdı, bu çəkic-mişara yazığı gəldi, onların bu kimsəsizliyi, sahibinin gücsüzlüyü, acizliyi onu yandırıb-yaxdı.
Birinci gün Əliabbas kişinin rəndə-mişarına müştəri gəlmədi. İkinci gün usta yenə gəlib bağçadakı skamyalardan birində əyləşdi və yenə də alətləri yanına düzdü. Yenə adamlara, uşaqlara baxdı və yenə də birdən-birə öz uşaqlığını gördü, o dağların ətrini duydu, o dağların döşündəki gül-çiçəyin rəngi gözlərinin qabağına gəldi, o dağların çəniçiskini üçün darıxdı, fikirləşdi ki, bir də heç vaxt o dağlarda olmayacaq, bir də heç vaxt o dağ çayı boyunca addımlamayacaq, o saf havadan sinədolusu nəfəs almayacaq.
Usta fikirləşdi ki, nə tez gəlib keçdi bu illər və belə bir fikri gözləyirmiş kimi, gözlərinin qabağından saysız-hesabsız adamlar gəlib ötdü; çoxunun heç adını da bilmirdi, harda gördüyünü yadına salmırdı, amma sifətlər bir-bir gəlib keçirdi – uzun-uzadı illər boyu gördüyü, rastlaşdığı və bəlkə də, heç birinin indi yer üzündə olmadığı adamların sifəti. İkinci gün də Əliabbas kişinin çəkic-mişarına müştəri tapılmadı.
Üçüncü gün hava bir balaca tutuldu, xəzri əsməyə başladı. Əliabbas kişi bir müddət həyətdə vurnuxub tez-tez göyə baxdı və oğul-uşaqda da bir ümid yarandı ki, bəlkə, kişi daşı tökdü ətəyindən (elə bil usta özü də ürəyində yağış yağmasını istəyirdi), amma yavaş-yavaş göy açıldı və Əliabbas kişi də torbasını qoltuğuna vurub bağçaya getdi, skamyalardan birində oturub alətləri yanına düzdü.