Əliabbas kişinin atası kənddən köçüb Bakıda, Sabunçu neft mədənlərində fəhlə işləyirdi, sonralar buruq ustası oldu. Əliabbas kişinin uşaqlığının çox hissəsi, yeniyetməliyi o yerlərdə keçmişdi, amma o, neftçi olmamışdı, dülgər olmuşdu.
İki gün bundan əvvəl Əliabbas kişi baltasını, mişarını, rəndəsini, çəkicini götürüb həyətlərinin küçə qapısı ağzında balaca bir skamya düzəltməyə başladı. Mismarlar əyri getdi, çəkiclə barmağını vurdu, axırda da balta ilə əlini zədələdi.
Ağamuxtar dedi:
– Əşşi, əl çək bu işdən də, nəyinə lazımdı?! Gərək elə skamya düzəldəsən?!
Küçə qapıları üzbəüz bir-birinə baxan Alxas bəy dedi:
– Kişi, get otur, uzan, yat, istirahətini elə də!..
Benzin kalonkasında satıcı işləyən Meyranqulunun oğlu Əliqulu – şeir yazan və məhəllənin tarixində qəzetdə, jurnalda imzası olan ilk adam – heyran-heyran dedi:
– Necə də əməksevər qocadır! Əsl şeir qəhrəmanı, sənət qəhrəmanıdır! Bu rəşadət poetik təfəkkürün yox, həyatın bəhrəsidir!
Əliqulunun danışıqlarını məhəllədə çox adam əməlli-başlı başa düşmürdü və bu dəfə də bu sözlərə fikir verən olmadı.
Əliabbas kişi sağ əlində tutduğu tiyəsi qanlı baltaya baxdı və Balacaxanımın bir göz qırpımında küçəyə yığdığı adamların arasından həyətə girdi; ağzını açıb bircə kəlmə də söz demədi. Məsələ onda deyildi ki, kişini qeyrət boğurdu – bu, öz yerində, məsələ bunda idi ki, belə bir naxələflik adamı yandırıb-yaxırdı. Usta onsuz da bilirdi ki, bu skamya onun dülgərlik aləmində axırıncı sözüdü (Əliabbas kişi hələlik belə fikirləşirdi və biz görəcəyik ki, belə fikirləşmək tez imiş...) və indi usta burasını da özü üçün lap yəqin etdi ki, bu balta ki altmış-yetmiş ildən sonra onun əlini kəsir, çəkic də barmağını əzir, daha lap doğrudan-doğruya qurtardı mismar vurmaq, taxta rəndələmək.
Xartutun yüz yaşı tamam olan həmin günün səhəri Əliabbas kişi yerindən qalxıb adəti üzrə həyət kranında səliqə-sahmanla yuyundu, böyük gəlini Anaxanımın sübh tezdən dəmlədiyi çaydan içib çörəyini yedi və qıfılın açarını götürüb vaxtilə həyətdə taxtadan düzəltdiyi, divarlarını suvaqlayıb, ağardıb, üstünə qırmızı kirəmit düzdüyü alətxanasının qapısını açdı.
Xartutun yüz yaşı tamam olduğu həmin yay gecəsi Əliabbas kişi bu qərara gəldi ki, alətlərin ən yaxşısını seçib, aparıb satsın. Burada, əlbəttə, əsas məsələ pul məsələsi deyildi; əvvəla, Əliabbas kişigilin dolanacağı yaxşı idi, ikincisi, bütün alətlərin qiyməti bir o qədər də pul eləmirdi. Əsas məsələ burasındaydı ki, bu alətlər yaxşı bir ustaya qismət olmalı idi, bu alətlər iş görməliydi, qalıb paslanmamalıydı. Əliabbas kişi alətləri bir-bir məhəllənin adamlarına bağışlaya da bilərdi, amma belə bir səxavətin mənası yox idi, çünki belə bir səxavət bu alətlərə rəva deyildi; çünki bu alətlər həmişə bəhrə vermişdi, gözəl-gözəl qapılar, pəncərələr, taxtlar, sandıqlar düzəltmişdi...