Bir sözlə, həmin şənbə günü məhəllənin uşağından tutmuş böyüyünəcən hamı Əliabbas kişinin həyətindəki xartutun parçalanmasından xəbər tutdu və Molla Fərzəli də əsasını döyəcləyə-döyəcləyə gəldi durdu Əliabbas kişigilin küçə qapısı ağzında.
Əlbəttə, Molla Fərzəli də həmişəki kimi, bir qazan tutunu alıb getdi. Həmin axşam Anaxanım yaxşıca bir plov bişirdi və arvad neçə stəkan düyü dəmləmişdisə, bütün həyətə çatdı, Əliabbas kişinin bir böyük həyət oğul-uşağına, nəvə-nəticəsinə.
Məhəllədə ən çox toy bu həyətdə olmuşdu. Aydın məsələ idi ki, bu həyət həmişə beləcə çox adamlı, beləcə gur olmamışdı. Əliabbas kişinin atası usta Həzrətqulu buranı alanda bu həyətdə ikiotaqlı, birmərtəbəli kiçik bina vardı. Bu, həmin uzaq vaxtlardı ki, onda həyətdəki xartut hələ cavan bir ağac idi. Əliabbas kişi də balaca uşaq. Bu tutun gövdəsi indiki budaqlarından nazik idi. Əliabbas kişi evlənəndən sonra özünə iki otaq da tikdi və indi həmin iki otaqda Əliabbas kişinin nəvəsi Ağasəlim ailəsilə yaşayırdı, sonra uşaqlar böyüdü. Uşaqlar böyüdü, həyət kiçildi, dörd otaq oldu altı otaq, sonra səkkiz otaq, sonra birmərtəbə bina ikimərtəbə oldu.
Oğullar evləndi, nəvələr evləndi və həmin tut ağacı parçalanan həyətdə hamıya bir parça yer tapıldı.
Əliabbas kişi ilə Tubuxanımın iki oğlu, dörd qızı vardı. Doğrudan da, qəribədi dünyanın işləri; Ağamuxtar da, Fətulla da müharibədən sağ-salamat qayıtdılar. Başları çox qəzavü-qədər, çox məşəqqət çəksə də, indi, şükür, salamatdı ikisi də və ikisi də çoxdan babaydı.
Kişi başa düşdü ki, bu gecə səhərə kimi gözünə yuxu getməyəcək, çoxdan, lap qədimlərdə olub-keçənlər yadına düşəcək və özü də təəccüb edəcək ki, beş yaşında, altı yaşında olduğu vaxtların əhvalatları necə yadında qalıb, amma iki gün bundan əvvəlin söhbəti yadından çıxıb gedir.