Əliabbas kişi bu dəfə Gülağaya dedi:
– Gördün! Gördün ki!? Elə soruşurdun, düz deyirsən, yoxsa yox? Gördün ki?!
Doğrudan da, yaman oldu bu xartutun parçalanması, daha buna bir söz ola bilməzdi, düz deyirmiş kişi, xartut yüz yaşına çatanda parçalanırmış və burasını da lap doğru deyirmiş ki, bu tutun yüz yaşı var.
– Əcəb oldu! – Bunu, bu tutdan birinci dəfə yeyirmiş kimi ,Fətullanın arvadı Məsmə dedi, – yığıb qonşulara da pay göndərmək lazımdır...
Əliabbas kişinin nəvəsi Ağasəlim üzünü arvadı Zibeydəyə tutub:
– Boşqab gətir! Qazan gətir! – dedi, – Tut günüdü bu gün.
Əliabbas kişi dedi:
– Hə, Hə!.. Biri də qalmasın yerdə gərək. Günahdı...
Bütün məhəllədə bu məşhur tut ağacının yüz yaşı tamam olan həmin isti iyul günü Əliabbas kişinin evdəki bütün oğul-uşağı, nəvə-nəticəsi, gəlinləri həyətə çıxmışdı və hamı bu dəm cidd-cəhdlə həyətə səpələnmiş xartutu yığmaqla məşğul idi. Əlbəttə, günah məsələsini Əliabbas kişi elə-belə, özündən dedi. Heç kim heç vaxt deməmişdi ki, tut ağacının yüz yaşı tamam olanda və gövdəsi ikiyə bölünəndə yerə tökülmüş tutların hamısını yığmaq lazımdı, yoxsa ki, günaha batarsan. Belə bir qayda yox idi, necə ki tutun yüz yaşı tamam olanda plov bişirmək də adət deyildi, amma bir halda ki bu tut ağacı bu dünyada yüz il ömür sürmüşdü və onun yüz yaşının tamam olmasını Əliabbas kişi beləcə gözləmişdi, deməli, bayram idi bu gün və bu yüz yaşlı ağacın bəhrəsini ayaq altında qoymaq günah işdi. Əliabbas kişi tut ağacının altında dayanmışdı və bu vaxt budaqdan onun sinəsinə, düz ürəyinin başına bir tut düşdü, kişinin ağ köynəyində o saat qıpqırmızı bir ləkə əmələ gəldi və bunu görən Ağamuxtarın bütün bədəni birdən-birə ürpəşdi.
Əliabbas kişinin böyük oğlu Ağamuxtara birdən-birə elə gəldi ki, atasının ürəyinin başına güllə dəydi və bu qırmızı ləkə də qan yeridir. Sonra Ağamuxtar daha tamamkamal ağarmış gur saçlarını əli ilə geri sığallayıb axır vaxtlar neçənci dəfə fikirləşdi ki, kişi yaman qocalıb.
Ağamuxtarın uşaq vaxtları onun yadına düşdü, lap o vaxtlar ki, hələ divardan tutatuta gəzirdi, sonra o vaxtlar ki, bu ağaca dırmaşıb tut yeyirdi, ağzı-burnu, üst-başı qapqara qaralırdı. Əliabbas kişi özünü saxlaya bilməyib ürəyində dünyanın etibarsızlığı barədə bir-iki söz dedi. Buna yandı-yaxıldı ki, illər adamı nə günə qoyur – o balaca uşaq indi gör qocalıb nə günə qalıb. Sonra şairin sözü Əliabbas kişinin yadına düşdü: “Biz gəldi-gedərik, sən yaşa dünya!” və o, ağappaq bığlarının altından gülümsəyib başını buladı, dünyanın işlərinə acığı tutmağı da indi ona gülməli göründü. Yenə də ürəyində dedi ki, İsgəndərə qalmayan dünya kimə qalacaq?
Burasını da fikirləşdi ki, Ağamuxtarın qocalığını görür, amma özündən heç bir söz demir...
Əliabbas kişinin kiçik oğlu Fətulla nəvəsi Gülağaya dedi:
– Qaç get evdən qab gətir.
Boşqablar, qazanlar baş barmaq boyda xartutla doldu, məhəllənin uşaqları tutun yüz yaşa çatıb parçalanması xəbərini eşidib Əliabbas kişigilin həyətinə daraşdılar, hərə beşon tut qoydu ağzına. Böyük də, kiçik də, hamı belə bir yekdil fikrə gəldi ki, bu tutun ləzzəti başqa şeydi və heç kim ömründə bu ləzzətdə tut yeməyib. Qonşuların hərəsinə bir nimçə tut pay getdi, elə bil Əliabbas kişigilə nişan gəlmişdi, şirni paylayırdılar.