Əvvəlcə ağac şaqqıltısı eşidildi və bu ağac şaqqıltısı günortanın cırhacır istisində tamam kimsəsizləşmiş həyətdə çox gözlənilməz səsləndi, sonra aşağı başdakı Gülağanın gözləri birdən-birə bərəldi və uşaq bilmədi ki, qışqırsın, ya nə etsin.
Həyətin ortasındakı xartut ağacının yoğun gövdəsi öz-özünə şaqqıltı ilə iki yerə bölündü və bir müddət tut yağışıymış kimi, qara tut həyətin asfaltına töküldü. Həyətə birinci boylanan Ağamuxtarın arvadı Anaxanım oldu. Anaxanım mətbəxdə oturub nahar üçün küftə yumrulayırdı, şaqqıltını eşidib ikinci mərtəbədən ağaca baxdı, sonra çaşbaş qalmış Gülağanı görüb ətli-yağlı əllərini əsgi ilə tələm-tələsik silə-silə:
– Adə, Gülağa, – qışqırdı, – qaç kişiyə xəbər elə, tut parçalandı!..
Və Gülağa da işin nə yerdə olduğunu başa düşüb babasının otağına tərəf qaçdı ki, kişini çağırsın, amma Əliabbas kişini çağırmaq lazım deyilmiş, çünki Gülağa hələ onun həyət qapısına çatmamış, kişi özü elə ağ köynəkdəcə, çoxdan bəri gəzmədiyi iti addımlarla qapıdan çıxıb xartuta tərəf gəldi.
– Tez eləyin! – dedi. – Tez eləyin! Biri də gərək qalmasın yerdə! Hamısını yığın birbir! Bircəsi də qalsa, günah olar! Hamısını yığın! Yeyilsin gərək hamısı! – dedi. – Tez eləyin!
Sonra özü əyilib ağacın dibindən bir dənə tut götürdü, qoydu ağzına və doğrudandoğruya kişiyə elə gəldi ki, ömründə bu ləzzətində tut yeməyib.
– Yüz ilin tutudu bu, yüz ilin! Axır ki yüzü haqladı bu xartut.
Əliabbas kişi başını ikinci mərtəbəyə tərəf qaldırıb böyük gəlini Anaxanıma dedi:
– Aş bişir bu gün.