Qəzənfərin səsi (davam edir): Özümə görə adım-sanım da var. Beş kişinin içində hörmətim
də olub. Həyatda təcrübəm çox olub. Dünyanın, necə deyərlər, hər üzünü görmüşəm...
Görürsünüz, nə ədəbi cümlələr qururam!?.. Bir gün gələcək... mən olmayacam.
Həmidənin səsi (maqnitofonda eşidilir): Bəsdi yenə, sən allah. Sənsiz bizim bir günümüz
olmasın.
Uşaqların səsi-küyü: Bəsdi, bəsdi.
Həmidə (
səhnədə): O vaxt bu sözlər nə qədər təbii idi, Qəzənfər, bizə nə qədər doğru, düz
gəlirdi.
Qəzənfərin səsi: Yaxşı, yaxşı, uşaqlar, susun. Qoyun sözümu qurtarım. Yaxşı, ay arvad, 40
il, 50 il sonra. Axır, bir gün mən olmayacam. Qulaq as. Bax sənə bircə əmanətim bu uşaqlardır.
Ömür vəfa eləsə, hamısını özüm böyüdüb başa çatdıracam. Yox, işdi... Onda, bax
bunları sənə tapşırıram. Demirəm ki, hamısına ali təhsil ver. Demirəm, hamısını həkim elə,
mühəndis elə, alim elə. Yox, kim olurlar-olsunlar: alim, fəhlə, həkim. Amma adam olsunlar,
yaxşı adam olsunlar. Sonra, Həmidə, bir gün gələcək, hamısı böyüyəcək, boya-başa çatacaq
və yuvasını tərk eləyən quşlar kimi bir-bir uçub gedəcəklər.
Bax onda onlara vəfasız demə ha! Onu bil ki, hara getsələr, hansı ailəyə düşsələr, səndən
də, məndən də nə isə aparacaqlar. Necə ki biz də bir-birimizlə görüşəndə hərəmiz öz atababalarımızdan
nə isə bir şey gətirmişdik. Deyəcəksən, Qəzənfər yenə filosofluq eləyir.
Amma bax mən belə fikirləşirəm. Adamlar hamısı nəsildən-nəslə bir-birinə bir şey verirlər:
o şeyi ki biri başlayır, amma qurtara bilmir, o şey itmir, batmır, sonrakı nəslə qalır, onu sonra
gələnlər tamamlayırlar. Dünyada heç nə itmir, batmır, heç kəs ölmür. Yaxşı da, pis də keçir,
nəsil-nəsil keçir... Biz, mən biləni, yaxşı yaşamışıq, əlimizin zəhmətilə çörək qazanmışıq.
Qoy bizim həyatımızda yaxşı nə olubsa, uşaqlarımız özləri ilə təzə həyatlarına, təzə nəsillərə
aparsınlar. Həyat da elə budur da. Bax belə...
Lent qurtarır. Kaset bərk fırlanır. Həmidə xala düyməni basır, maqnitofonu söndurür.
Həmidə: Vəssalam. Burda yazı qurtarır. Sən də qurtarırsan, Qəzənfər. Doğrudur, bir də başdan
qulaq asa bilərəm. Amma neçə kərə qulaq asıram-asım, bir kəlmə artıq söz deməyəcəksən.
Yox, mən qüssələnmirəm. Əksinə, elə bil bütün dərd-qəmim uçub getdi. Elə bil
mənə təsəlli verdin. Qəzənfər, həyatımın mənasını açdın mənə. Bax bu qab-qacağı da yığışdırmayacam.
Qoy uşaqlar gəlib görsün. Çilçırağı da yandıracam. Səhərə qədər qoy yansın.
Qoy uşaqlar gələndə pəncərələrimizi işıqlı görsünlər. Qoy hamı bilsin ki, burda da Yeni ili
qarşılayırlar... (
İşığı yandırır, səhnə gur işığa qərq olur)
Balaca Vaqifin bağırtısı eşidilir.
Həmidə: Sən də oyanmısan, bala, sən də babana qulaq asırdın? Böyüyəndə bir də qulaq
asarsan, bala, ağlın kəsəndə. O sözləri səninçün deyir. Hamımızçün. Bütün adamlarçün.
Ağlama, bala, bu saat gəlirəm.
(Yanaşıb nəvəsini qucağına götürür, ovundurur, yelləyir.
Laylay deyir)
Laylay dedim yatasan,
Qızılgülə batasan.
Qızılgülün içində
Şirin yuxu tapasan.