Yaman sənin səsini eşitmək istəyirəm
(Ani bir tərəddüddən sonradüyməni basır, lent fırlanır. Bülbülün ifasında “Sənsiz"dən bir parça, sonra qatma-qarışıq
səslər, səs-küy eşidilir. Uşaqların və Həmidə xalanın, sonra Qəzənfərin səsi eşidilir)
Qəzənfərin səsi: Aha, yazır. Di danışın. Gülarə, səndən başlayaq. Bir şey de.
Gülarənin səsi: Nə deyim?
Qəzənfərin səsi: Nə bilim, bir şey de də.
Gülarə: Bilmirəm, nə deyim.
Qəzənfər: Deynən: atam bu gün maqnitofon aldı.
Gülarə: Atam bu gün maqnitofon alıb.
Rüstəmin səsi (Gülarəni yamsılayaraq): Anam bu gün kələm alıb.
Ümumi gülüş.
Qəzənfər: Yaxşı, oyun çıxarmayın. Dilarə, indi də sən bir şey de. Bax bura, qızım,
mikrofona.
Dilarə: Nə deyim?
Qəzənfər: Deynən, bu gün hava istidir.
Dilarə: Bu gün hava istidir.
Rüstəm: Bu gün hava soyuqdur.
Həmidə: Bütün bunlar yazılır?
Qəzənfər: Bə nə?
Həmidə: Möcüzədir, vallah...
Qəzənfər: Yaxşı, kim qaldı? Rüstəm, Dilarə, siz də bir şey deyin.
Dilarə: Mən dedim.
Rüstəm: Qoy Dilarə oxusun.
Dilarə: Lap oxuyuram (Oxuyur) Arşın mal alan...
Qəzənfər: Yaxşı, indi sən de. Rüstəm...
Rüstəm: Nə deyim?
Qəzənfər: Nə olub? Elə hamınız soruşursunuz nə deyim, nə deyim. Bir şey deyin də...
Rüstəm: Əkil-bəkil quş idi, ağaca qonmuş idi.
Çıxdım onu tutmağa, o məni tutmuş idi.
Gülüş.
Qəzənfər: Yaxşı, Həmidə, indi sənin növbəndir.
Həmidə: Mən danışa bilmirəm. Nədi belə, hamını məcbur eləyirsən? Özün danış da.
Qəzənfər: Mən?
Həmidə: Hə, sən.
Qəzənfər: Yaxşı, danış deyirsən, danışım da. Mən nə şairəm, nə də filosof. Adi fəhlə babayam.
Ancaq indi bir-iki kəlmə söz demək istəyirəm (Öskürür, tutulur). Bax, yenə deyirəm,
mən adi bir adamam, elə bilməyin ki, çox dərin danışmaq, filosofluq etmək istəyirəm.
Qəzənfərin monoloqu başlayanda səhnədə işıqlar yavaş-yavaş azalır, sönür. İndi qaranlıq
səhnədə yalnız Qəzənfərin divardakı şəkli işıqlandırılır, bir də maqnitofunun yanında
oturub qulaq asan Həmidə xala.