Həmidə xala qapıdan aralanıb otağa gəlir, qeyri-ixtiyari televizora yaxınlaşır, mexaniki olaraq düyməni burur, ekranda diktor qız.
Həmidə (televizorun qabağından durur): Görəsən, bu gecə daha kimlər təkdir? Radionun diktorları. Amma bəlkə, indi radioda da heç kəs yoxdur, ancaq yazılı lentləri buraxırlar. Bəs məlumat bürosunun işçiləri? Orada, lap yəqin, adam var. Yazıqlar, yəqin, darıxırlar. Kimdi bu gecə telefon soruşan? Qoy bir zəng eləyim, hə? (Telefona yanaşır. 09 çəkir, gözləyir).Həmidə xala gülür. Dəstəyi qoyur. Televizora yanaşır. Veriliş qurtarır. Ekranda cürbəcür xətlər, şüalar və kölgələr qatmaqarışığı var. Həmidə xala televizoru söndürür, divar saatına baxır. Divar saatında birə on dəqiqə işləyir. Həmidə televizordan ayrılıb otağın o biri başına keçir. Radionu qurur, sonra söndürür. Maqnitofona yanaşır.
Həmidə: Deyirəm, ay Qəzənfər, görəsən, niyə adama ömrünün axırında bir bu cihazlar qalır? Yox, yox, dilim-ağzım qurusun, qələt danışdım. Mənə tək bir bu cihazlar qalmayıb. Mənim gül kimi balalarım var. Qəzənfər, bizim balalarımız. Hamısı da məni çox istəyir. (Qəzənfərin şəklinə yanaşır, diqqətlə ona baxır. Gərgin musiqi səslənir. Həmidə xala təlaşlı, həyəcanlıdır. Tərəddüd içindədir. Nə isə eləmək istəyir, amma qərara gələ bilmir. Bufetə yanaşır, açarı götürür. Amma bir an donub qalır. Musiqi şiddətlənir. Nəhayət, Həmidə xala qəti qərara gəlir. Açarı bufetin gözünə salır, burur, açır, bayaqkı kaseti çıxarır. Maqnitofona yaxınlaşır, onu yandırır, kaseti maqnitofona salır, lenti keçirir)