M.Hadi, H.Cavid, A.Şaiq, C.Cabbarlı, Ə.Cavad və digər sənətkarların çap etdirdikləri şeirlərdə zamanın hadisələrinə həqiqi vətəndaş-şair münasibəti əksini tapırdı. Vətən uğrunda, azadlıq yolunda mübarizəni əks etdirən əsərlər (M.Hadi. “Əsgərlərimizə, könüllülərimizə”, “Məfkureyi-aliyəmiz”, A.Şaiq. “Marş”, “Vətənin yanıq səsi”, Ə.Cavad. “Bismillah” və s.) oxucuların diqqətini dərhal cəlb edir, sürətlə yayılır, oxunur və sevilirdi.
Cümhuriyyət dövrünün gerçəkliyini əks etdirən nəsr nümunələri kəmiyyətcə çox deyildir. Bu, ilk növbədə janrın özünün təbiətindən irəli gəlir. Ən kiçik hekayənin yazılması belə həyat hadisələrini dərindən öyrənməyi, uzunmüddətli müşahidələr aparmağı tələb edir. Bunu da unutmaq olmaz ki, qısa bir zaman kəsiyində - iyirmi üç ayda Cümhuriyyət dövrü ədəbiyyatı bütünlüklə durulaşmış, aydın, nəzəri cəhətdən əsaslandırılmış inkişaf yolu tuta bilməzdi. Bu isə, təbiidir ki, həmin illərdə yaranan ədəbiyyatın məzmununa, inkişaf istiqamətinə az təsir etmirdi. Müxtəlif ədəbi nəsli təmsil edən yazıçıların: C.Məmmədquluzadə, Ə. Haqverdiyev, Y.V.Çəmənzəminli, A.Şaiq, C.Cabbarlı və başqalarının bu dövrdə fərqli mövzularda yaratdıqları nəsr əsərləri ədəbiyyatımızın dəyərli nümunələri kimi qəbul edilir. Bilavasitə həmin dövrdə baş verən hadisələri əks etdirən nümunə kimi S.Hüseynin “İsmailiyyə” əsəri böyük maraqla qarşılanmışdır. Ümumiyyətlə, bu dövrdə yaradılmış nəsr əsərlərinin çoxu ənənəvi mövzudadır.
Cümhuriyyət dövründə meydana çıxmış dramatik əsərlər həm aktual mövzuda olmaları, həm də yüksək bədii keyfiyyətləri ilə diqqəti cəlb edir. C.Məmmədquluzadə, H.Cavid, C.Cabbarlı kimi böyük söz ustalarının bu illərdə qələmə aldıqları əsərlər yüksək ideya-bədii keyfiyyətlərinə görə ədəbiyyatımızın ən yaxşı nümunələrindən hesab edilir.
C.Məmmədquluzadənin “Anamın kitabı” pyesində milli birlik ideyasının zəruriliyi ön plana çəkilmiş, problemin inandırıcı bədii həlli verilmişdir.
H.Cavidin “İblis” əsərində dövrün mühüm ictimai-siyasi qüsurları, mənəvi aşınmalar və bunun səbəbləri yüksək romantik-bədii boyalarla əks etdirilmişdir.
C.Cabbarlının Türkiyədə baş verən siyasi hadisələrə, xüsusən milli azadlıq hərəkatına rəğbətini əks etdirən və hələ Cümhuriyyətdən əvvəl qələmə alınan “Ədirnə fəthi”, “Trablis müharibəsi, yaxud Ulduz” pyesləri maraqlı süjeti, lirik-psixoloji səhnələri ilə böyük maraq doğurmuşdur. Dramaturqun 1918-ci ilin qanlı mart hadisələrinə həsr etdiyi “Bakı müharibəsi” əsəri günümüzə çatmamışdır.
C.Cabbarlının Cümhuriyyət dövrü yaradıcılığına aid edilən “Aydın” pyesində ədalətsizliyin hökm sürdüyü cəmiyyətdə şəxsiyyət azadlığının necə boğulduğu, məhvə məhkum olduğu təsirli boyalarla əks etdirilmişdir.
Azərbaycan Xalq Cümhuriyyəti qısa zamanda fəaliyyət göstərsə də, ölkəmizin istər sosial- siyasi, istərsə də ədəbi-mədəni həyatında müstəsna rol oynadı.