Eynəkli kişi: Neynək. Amma bilirsən, bala ki var, bala deyil, bəladır, bəla.
Həmidə: Ağzını xeyirliyə aç, ay kişi.
Eynəkli kişi: Yox, sən mənə qulaq as. Deyir, övlad ki var, əvvəl adamın qanını sorur, yəni
ki, ana bətnində olanda. Sonra ki dünyaya gəlir, başlayır canını yeməyə, yəni ki süd əmir.
Sonra da adamın malını yeyir. Axırda da papağını yan qoyur ki, xudahafiz... Bir də qiyamətdə
görüşərik.
Həmidə: Ay kişi, nə baş-ayaq vurursan, sən naxələf övladdan niyə danışırsan? Sən mərifətli,
qədirbilən övladdan danış.
Eynəkli kişi: Hardaydı qədirbilən övlad? Uşaq vaxtı hamısı quzu kimidir, elə ki böyüdülər,
ya olacaq xuliqan, tutub basacaqlar dama, üzünü görməyəcəksən, ya da oxutdurub adam
eləyəcəksən, olacaq alim, incinar, həkim. Onda da üzün görməyəcəksən, çünki səni saya
salmayacaq. Deyəcək, ay dədə, ay məmə, sizlə mənim söhbətim tutmur, sizin kulturanız
çatmır mənimlə söhbət eləməyə, ev-eşiyimə də yaraşmırsınız, vəssalam, şüttamam.
Həmidə: Ay kişi, sən nə xeyirsöyləməz kişisən. Xeyirsöyləməzin əhvalatın eşitmisən? Deyir,
ay xeyirsöyləməz, uzaq səfərə gedirəm, xeyir söylə, papağımı sənə verim, deyir indidən
ver, birdən getdin, qayıtmadın.
Eynəkli kişi (
Sanki onun sözlərini eşitmir, qurtum-qurtum çayı içərək öz-özünə danışırmış
kimi): Məndə olan kəllə heç kəsdə yox idi. Məktəbdə birinci şagird idim, müəllimlər başıma
and içirdi. Nə olsun, dalısın oxumadım ki, işləyim, ailə saxlayım, oğul-uşağın axırını bir yana
çıxardım. Hamısını oxutdum, indi məni bəyənmirlər.
Həmidə: Sənin övladların naxələf çıxıb, təqsir özündədir, yəqin, pis tərbiyə veribsən. Daha
hamıya niyə qara yaxırsan?
Eynəkli kişi: Hamısı elədir. Bayaq küçədə fikir verirəm, üç cavan oğlandır. Dərs
öyrənməkdən,
kitab oxumaqdansa, veyil-veyil gəzirlər küçəni... Nə olacaq onların axırı –avara,
cibgir, başkəsən.
Həmidə: Yox, balam, mənim övladlarıma min şükür, razıyam onlardan.
Eynəkli kişi: Hardadırlar, heç gözümə dəymirlər. Bəs bu boşqabları kimin üçün düzmüsən?
Həmidə (
tutulur): Elə belə... Düzmüşəm də. Onlar getdilər, yoldaşları çağırdılar.
Eynəkli kişi (
məmnun gülümsünür): Bəs mən nə deyirəm? Elə olacaq da. Hamısı çıxıb
gedəcək. Nə qədər ki ağılları kəsmir, səndən asılıdırlar – yanındadırlar, elə ki əlləri çörəyə
çatdı, atıb gedəcəklər. Budur bax, dörd uşağın var, dördü də, Təzə il axşamı anasını tək qoyub
gedir. Heç yadlarına da düşmürsən indi onların.
Həmidə: Düz demirsən, hamısının yadındayam. Burda olmasalar da, ürəkləri burdadır.
Eynəkli kişi: Ürəkləri? Ay-hay. Ürəkləri!
Həmidə: Hamısı zəng eləyib məni təbrik edəcəklər.
Eynəkli kişi: Ay elədilər ha. Bax, bacı, adını da bilmirəm. Mənə hamı poçtalyon Bəşir
deyir,
indi övladlarının biri də axşam sənə zəng eləsə, mən poçtalyon Bəşir adımı dəyişib qoyaram
telefon Bəşir. (
Durur) Yaxşı, mən getdim. Çay üçun çox sağ ol, qiyamət çay idi. Sənə bir
məsləhət verirəm. Bax, o qutunu görürsən? (
Televizoru göstərir) Qur onu, otur qabağında.
Qocalanda adama bir bu qalır. Nə olsa, ondan olacaq. Di salamat qal. (
Qapını örtüb gedir)
Həmidə xala bir az çaşan kimi olur, sonra qapını açıb Bəşirin dalınca qışqırır.
Həmidə: Yox, düz demirsən, ay kişi, düz demirsən.
Eynəkli kişi (səsi uzaqdan gəlir): Televizor, bacı, televizordan bərk yapış, adama o
qalır
qocalanda.
Həmidə: Yox, yox, düz demirsən, düz demirsən, poçtalyon, yox, telefon Bəşir.
Eynəkli kişi: Telefon məsələsinə hələ baxarıq.