Həmidə xala mətbəxə gedir. Əlində aş dolu iri bulud içəri qayıdır. Buludu stolun üstünə
qoyur, stulları sahmana salır. Öz-özünə danışır.
Həmidə: Səkinə bacı, sən burda əyləş. Rəhimlə Nəzifə qoy bu başa keçsinlər. Usta, sən də
burda otur. Teymur, sən bura keç. Arvadının yanına. Uşaqlar, siz aşağı keçin. Sultan, sən
burda otur, axı tamada sən olacaqsan. (
Öz-özünə gülür) Mənim də, deyəsən, başım xarab
olub. (
Pəncərəyə yanaşır, şəhərin işıqlarına baxır, içini çəkir) Vay, başıma xeyir, gör bir nə
qədər işıq var. Görəsən, heç indi küçədə adam tapılar? (
Qapının zəngi çalınır, Həmidə xala
diksinir, təəccüb içində qapıya tərəf gedir)
Həmidə: Bıy, başıma xeyir, bu, kim ola? (
Qapını açır)
Eynəkli kişi daxil olur.
Eynəkli kişi: Ələkbərovun evi buradır?
Həmidə: Bəli! Nədir ki?
Eynəkli kişi: Nədir? Sağlığın. Al, bu teleqramı, bura qol çək.
Həmidə (teleqramı alıb baxır): Bıy, ürəyim düşmüşdü. Dedim, görəsən, nə olub.
(Sakit və
fərəhlə) Fərmandandır! Qəzənfər rəhmətliyin şəyirdi idi, indi, şükür, özü adlı-sanlı ustadır.
Harada olur-olsun – hər bayramda mütləq gərək tel vursun, heç yadından çıxmaz. Budey,
indi də Həştərxandan vurub.
Eynəkli kişi: Bacı, bütün bunların mənə heç dəxli yoxdur, istəyir, Həştərxandan vursun,
istəyir, Əngəxərandan, gərək bura qol çəkəsən, vəssalam.
Həmidə: Bıy, a kişi, nə ətiacı-ətiacı danışdın? Qol çəkməyə nə var ki, bu saat çəkərəm. Daha
elə köntöy danışmaq neyçün.
Eynəkli kişi: Sən də mənim kimi axşam-axşam bu qədər ev gəzsəydin, elə danışardın. Hələ
gərək üç qapıya da gedəm. Camaat kefdə, damaqda, mən də...
Həmidə: Nə deyirəm ki, bu boyda pilləkən çıxmısan, otur, heç olmasa, bir nəfəsini dər. Bir
stəkan pürrəngi çay süzüm sənə.
Eynəkli kişi (bir az yumşalaraq): Axı qayda-qanun var, mən indi vəzifə başındayam,
qulluqdayam.
Həmidə: Əşi, çürükçü olma, bir stəkan çay içsən, dünya dağılmaz.
Eynəkli kişi: O da düzdü.
Həmidə çay gətirir.
Eynəkli kişi: Bu üç teleqramı da çatdırım yiyəsinə, gedim kəlləmi atıb yatım.
Həmidə: Bəs Yeni ili qarşılamırsan?
Eynəkli kişi: Əh, rəhmətliyin qızı, sənə, mənə nə Yeni il? Bu Yeni il findifürüş cavanlarçündür
atılıb düşsünlər.
Həmidə: Elə niyə deyirsən, bax, mən səndən, yəqin, bir-iki bayram böyük olaram, amma
görürsən, mən də oturub Yeni ili gözləyirəm. Qarşılayacam...
Eynəkli kişi: Görürəm, boşqabları düzmüsən, plov da, yəqin, dəmdədir.
Həmidə: Qal, qonağımız ol.
Eynəkli kişi: Sağ ol.
(Şəkli göstərir) Ərindir?
Həmidə: Hə, rəhmətə gedib.
Eynəkli kişi: Oğuldan-uşaqdan nəyin var?
Həmidə: İki oğlum, iki qızım.