Gülarə: Yaxşı, yaxşı, sən Allah, yenə başlama. Heç olmasa, Yeni il axşamı deyinmə. Bu
saat anama deyim, gedərik. (
Mətbəx qapısına tərəf gedir, eyni zamanda həmin qapıdan
Həmidə xala çıxır. Əlində meyvə ilə dolu qab var)
Həmidə: Bu gün səhər bazardan özüm almışam. Dedim, Tofiqin yoldaşları gələcək. Sizə
qismət imiş.
Gülarə: Ana, bilirsən, bizi Süleymanın müdiri çağırıb. Vaqif sizdə qalsın, yaxşı?
II
Vaz Həmidə xalanın əlində titrəyir, meyvələr yerə tökülür, o əyilib meyvələri yığışdırır
və gülümsəməyə çalışır.
Həmidə: Hə... gör sən Allah, dağıtdıq meyvələri, hə nə deyirəm ki, neynək, qalsın Vaqif
balam.
Gülarə: Mən özüm bu saat onu yatızdıracam. Daş kimi yatır, səhərəcən oyanmayacaq.
Amma hərdənbir bax, üstünü açmasın.
Həmidə: Arxayın ol, hər halda, mən də dörd uşaq böyütmüşəm. Amma indidən niyə
yatızdırırsan? Qoy qalsın, mənimlə bir yerdə Yeni ili qarşılasın. Sonra özüm yatızdıraram.
Gülarə: Yox, ay ana, o gec olar. Yuxusunun vaxtı keçsə, sabah itə dönəcək.
Pauza.
Süleyman (səbirsizliklə): Nə oldu, yatmadı?
Həmidə: Darıxma, bu saat yatar, darıxma
(Süleyman ayağa durur, o biri otağın qapısına
tərəf gedir). Bu saat Rüstəmi çağırım. Yəqin, sizin gəldiyinizi bilmir. Bu saat çağırım, gəlsin,
söhbət eləyin, şahmat oynayın, uşaq da onacan yatar.
Süleyman (onun ardınca öz-özünə): Bəli də, bu basabasda bircə şahmat yarışı qalmışdı. Axı,
dedim Gülarəyə, aparaq uşağı mənim anamgildə qoyaq, dedi, yox ki yox, anamdan başqa,
heç kimə ürəyim qızmır.
Süleyman: Gedək, Gülarə, gecdi.
Gülarə: Sağ ol, ana.
Süleyman: Xudahafiz.
Həmidə: Xudahafiz, xudahafiz.
Gedirlər, qapı çırpılır. Həmidə otağa qayıdır, öz-özünə: Xudahafiz, xudahafiz. (Balkon
qapısına yanaşır, sonra qayıdıb döşlüyunü taxır, qollarını çirmələyir, ətrafına stullar, üstünə
qab-qacaq düzülmüş stolun səliqəsinə bir daha nəzər salır. Şkafdan salfet çıxarıb boşqabların
ətrafına düzür. Qədəhləri bir də silir. Alma vazını ortaya çəkir və s. Divar saatı on biri
vurur, Həmidə xala mətbəxə keçir. Mətbəxdən səslər gəlir – Həmidə xala aşı süzür, dəmə
qoyur, qazanları odun üstünə qoyur və s. Sonra otağa qayıdır. Tərini silir. Pəncərəyə yanaşır.
Uzun zaman şəhərə baxır. Bir müddət nə barədəsə düşünür. Sonra otağın üçüncü qapısına
yanaşır. Qapını açıb çağırır)
Həmidə: Rüstəm, ay Rüstəm.
Rüstəmin səsi: Nədi?
Həmidə: Yenə yatdın, dur bala, Yeni ildə yatmaq olmaz. Bütün ili yatarsan.
Rüstəmin səsi: Axı nə deyirsən?
Həmidə: Deyirəm, işim var. Gəl mənə kömək elə.