Həmidə: Qızım, yaxşı deyil axı. Direktor özü dalınca adam göndərib. Ayıbdır. Get. Özü də
cəld tərpən, gecdir.
Dilarə o biri otağa keçir.
Gülarə: Lap uşaqdır e...
Həmidə: Leyla, otur da, qızım, ayaq üstə durma.
Leyla: Zərər yoxdur, Həmidə xala, gözləyirlər.
Həmidə: Deyirsən, direktor özü göndərdi, hə?
Leyla: Hə, Azada da yaman acıqlandı.
Həmidə: Kimdir ki Azad?
Leyla: Bizim sinif nümayəndəsidir. Həm də özfəaliyyət dərnəyinin rəhbəridir. Pis oğlan
deyil, amma nədənsə, Dilarə ilə onunku heç gətirmir!
Həmidə (təlaşla): Bıy, elə niyə?
Süleyman: Yəqin, sancıb da Dilarə onu...
Həmidə: Yox, Dilarə elə qız deyil. İpək kimidir xasiyyəti.
Leyla: Azad deyir ki, guya Dilarə forsludur. O gün, daha öz aramızda qalsın, Dilarə deyib
ki, ona...
Dilarə paltoda qayıdır, onun son sözlərini eşidir.
Dilarə: Yaxşı, mumla....
Leyla: Yox, ayzə, mən heç nə demirəm. Gedək.
Dilarə: Ana, bax, ancaq sənin xətrinə gedirəm ha...
Həmidə: Axı sən mənim sözəbaxan qızımsan. Sağ olun, balalarım, yeni ildə xoşbəxt olun.
Leyla: Sizinlə belə.
Dilarə hamı ilə görüşür, anasını öpüb gedir.
Həmidə (
Gülarəgilə): Mən bu saat gəlirəm (
Mətbəxə keçir).
Süleyman (
divar saatını Gülarəyə göstərir): Saat neçədir?
Gülarə: Özün görmürsən?
Süleyman: Yox, istəyirəm, sən deyəsən.
Gülarə: Yaxşı, gedərik də...
Süleyman: Yox, pilləkəndə dediyin yadındadır? Deyirdin, beşcə dəqiqədən artıq oturmayacağıq.
İndi saata bax.
Gülarə: Yaxşı, axı gəlib çiç eləyib getmək də olmaz. Bir az oturmaq lazımdır da.
Süleyman: Oturmaq üçün başqa vaxt gəlmək olar. Sabah gələrik, biri gün gələrik. İndi
gözləyirlər axı, hörmət edib, saya salıb çağırıblar, yaxşı deyil.
Gülarə: Hələ tezdir. Gərək elə hər yerə həmişə biz görməmiş kimi hamıdan əvvəl gedək?
Süleyman: Yox, gərək elə hər yerə, həmişə biz hamıdan axırda gələk. Bir dəfə yadıma gəlmir
ki, bir yerə vaxtında çataq. Teatra gedirik – üçüncü zəngdən sonra çatırıq. Kinoya işıqlar
sönəndən sonra. Qatara mütləq gərək gecikək. Biləcəridə minək.
Gülarə: Hə, danış, danış, təyyarəyə gecikirik, havada minirik, gəmiyə gecikirik, üzə-üzə
çatırıq...
Süleyman: Bəli, təxminən, elə belədir. Həmişə gərək gecikək, həmişə gərək...