Gülarə: Gəldik, sənin Yeni ilini təbrik edək.
Həmidə: Çox sağ olun! Süleyman, sən necəsən?
Süleyman: Çox sağ ol, Həmidə xala. Dolanırıq.
Gülarə: Dilarə, sən nə əcəb evdəsən?
Dilarə çiyinlərini çəkir.
Həmidə: Hə, evdədir, Rüstəm də bu gün evdədir. Dövlətimizin gəlhagəlidir. Çırağıma nöyüt
töküblər. Tofiq də evdə olacaqdı. Yoldaşı çağırdı, getdi. Beşcə dəqiqə bundan qabaq, beşcə
dəqiqə tez gəlsəydiniz, hamımız bir yerdə olardıq. Bütün ailəmiz. Sonra Tofiq getsəydi də,
eybi yoxdu. O getməmişdən əvvəl hamımız bir yerdə olardıq. Siz balaca olan vaxtlar kimi...
Hamımız... Bircə Qəzənfər yazıqdan başqa
(ətəyinin ucu ilə göz yaşını silir).
Gülarə: Ay ana, qurban olum, özünü niyə köyrəldirsən? Di boşla, sən Allah, bayram axşamı
olmaz belə...
Həmidə: Yox, yox, qızım, ağlamıram, elə belə... Birdən, nə bilim, vallah, nə oldu mənə
birdən... (
Vaqifi qucağına götürür). Ay Allah, mən bu balama qurban olum.
Dağda darılar,
Sünbülü sarılar,
Qoca qarılar
Bu balama qurban.
Süleyman: Çox atıb-tutma, Həmidə xala, başı gicəllənər.
Həmidə: Maşallah, elə ağırdır, zindan kimi. Pu, pu, göz dəyər.
Dağdakı atlar,
Atlar göy otlar.
Ərsiz arvadlar
Bu balama qurban.
Qapının zəngi çalınır. Dilarə cəld qapıya tərəf cumur, qapını açır. Leyla ilə birlikdə
içəri girir.
Leyla (
təngnəfəs): Bilirsən, Dilarə... Salam, Həmidə xala...
Həmidə: Ay qız, bir nəfəsini dər görək. Nə olub?
Leyla: Qaça-qaça gəlmişəm. Salam, Gülarə bacı. Direktor deyir ki, bu saat Dilarə hardadırsa,
tap gətir. Heç onsuz müsamirə olar?! Salam, Süleyman qardaş.
Dilarə (
sevincini güclə boğaraq, soyuq): Xeyr, bağışlayacaqsınız. İndi Dilarə matah olub.
Lazım olsaydı, əvvəldən proqrama salardılar. İndi, görəsən, kim gəlməyib, onu əvəz etməyə
adam tapmırlar.
Leyla: Yox, vallah, direktor bilməyib ki, səni proqrama salmayıblar, biləndə, bilirsən, necə
acıqlandı? Qatdı aləmi bir-birinə. Azadın üstünə elə qışqırdı ki...
Həmidə: Qara qızın dərdi varmış. Mən də deyirəm bu niyə birdən-birə belə xanənişin olub.
(Dilarəyə). Yaxşı, tez elə, dur bu saat geyin, naz vaxtı deyil. Çağırırlar, get.
Gülarə: Nə özünü çəkirsən, çağırırlar, get də.
Dilarə: Mən evdə qalmaq istəyirəm.
Süleyman: İnanan daşa dönsün.