Demişdi, özü bilər, mənə də dedi ki, özün bil. Həvəsin var, oxu. Həvəsim var idi, amma
imkanım hardaydı? Dörd uşaq böyütmək asandır? Oxumağa macal olacaqdı?
Səkinə: Fikir eləmə, Həmidə bacı, deməli, qismət deyilmiş. İndi, allah qoysa, Dilarə sənin
payına da böyük artist olar.
Həmidə: Təki olsun. Görürsən, hərdən Dilarənin notları keçir əlimə, bütün cavanlığım gəlir
bircə-bircə durur gözümün qabağında, çəkilirəm bir bucağa, doyunca ağlayıb ürəyimi
boşaldıram. Eh, nə isə... Təki bu uşaqlar bir yana çıxsınlar, qalan hamısı düzələr. Yəni
böyüklərdən arxayınam. Gülarayla Rüstəm daha öz başlarını özləri dolandırır, bir bu balacaları
– Tofiqnən bunu da oxutdurub başa çatdırsaydım, rahat ölərdim.
Səkinə: Boşla görək, ay Həmidə bacı, ölmək-zad nədir? Hələ nəvənin toyunda sındırıb
oynayacaqsan, nəvən neçə yaşındadır?
Həmidə: Qadasın alım onun, beş yaşındadır, elə şirin baladır ki.
Səkinə: Allah saxlasın.
Həmidə: Allah səninkiləri saxlasın.
I pərdənin sonluğunun qısa məzmunu.
Həmidə xala Səkinəyə sevinclə övladlarının hamısının Yeni ili öz evlərində onunla birlikdə
keçirəcəklərini deyir. Tofiq, Şamil, Çingiz telefon budkasına keçib dostlarına zəng edəndə
eynəkli kişi onları danlayıb budkadan çıxarır. Özü telefonla zəng edir. Tofiq və dostları Rüstəmin
nişanlısı ilə küsülü olduğunu, Yeni il axşamı evdə qalacağını bilib pərt olurlar. Onlar
öz dostlarına zəng edib Yeni ili ata-anası evdə olmayan Vaqifgildə qarşılamaq qərarına
gəlirlər.
Şamil, Tofiq və Çingiz görüşüb gedirlər, Həmidə xala onları ötürür. Qapı çırpılır. Pərdə
düşür. Həmidə xala pərdənin qabağındakı eyvana çıxır. Tofiq, Çingiz və Şamil binanın
qapısından çıxırlar, dönüb Həmidə xalaya əl eləyirlər, tamaşa salonuna düşüb gedirlər.
p ə r d ə
İkinci hissə
Yenə həmin otaq. Dilarə piano arxasında mahnı oxuyur. Həmidə mətbəxdən gəlib
heyran-heyran ona qulaq asır.
Qapının zəngi çalınır. Həmidə xala qapıya getmək istəyir. Dilarə onu qabaqlayır, qaçıb
qapını açır. Dəhlizdən səslər eşidilir.
Həmidə: Gəlin, gəlin, xoş gəlmisiniz. Ay Allah, mən bu Vaqif balama qurban olum.
Gülarə: Xoş gördük, ana.
Süleyman: Axşamınız xeyir, Həmidə xala.
Həmidə xala, Süleyman, Gülarə, Dilarə otağa keçirlər. Balaca Vaqif Süleymanın
qucağındadır. Gülarə onun paltosunu çıxarır. Həmidə xala əl-ayağa düşür, cəld döşlüyünü
açır, stulları düzəldir, süfrəni salır.
Həmidə: Gərək beşcə dəqiqə qabaq gələydiniz. Tofiq də evdə idi. Bütün külfətimiz bir
yerdə olardı. Heç elə düşmür ki, hamı bir yerə yığılsın, həmişə kimsə yoxdur, heyif.
Görürsən, sən Allah. Əşi, daha keçib. Sizdən nə əcəb belə?