Həmidə: On birinci ili tamam oldu. Elə bilirəm, dünən idi.
Səkinə: On bir il gör necə gəlib keçdi.
Həmidə: Ölümdən sonra birinci illər dəli kimi idim. Eh... ay Səkinə bacı, deyir, dərd süfrə
deyil ki, açasan... Qəzənfər sağ olsaydı, gör indi bu gecə burda nə vur-çatlasın, nə şadlıqşadyanalıq
vardı.
Səkinə: Mənə deyirsən? Elə bilirsən, yadımdan çıxıb o məclislər? Ta Bakıda neftçi yoxdu
ki, bu evdə qonaq olmasın.
Həmidə: Qonaq getməyi sevərdi, özü də yaman qonaqcıl idi. Hamı da xətrini istərdi, indi
istəməsin. Böyüknən böyük idi, uşaqnan uşaq.
Səkinə: Demə, demə.
Həmidə: Görürsən, mədənə işə gedib, neçə gündür evə qayıtmayıb, nə gündüzü var, nə
gecəsi, amma di gəl işini qurtarıb evə qayıtdı, vəssalam, yorğunluq-arğınlıq bilməzdi. Deyərdim,
ay kişi, bir yat, dincini al, rahatlan! Kimə deyirsən? Götürüb telefonu o dostuna, bu
dostuna zəng eləyir, bir də gördün bütöv ev doldu.
Dilarə otağa daxil olur.
Dilarə: Salam, Səkinə xala. Ana, mənə zəng eləyən olmayıb ki?
Həmidə: Yox, qızım, olmayıb.
Dilarə televizora yanaşır, düyməni burur, bir qədər gözləyir. Sonra o biri otağa keçir.
Səkinə: Maşallah, Dilarə lap yekə qız olub. Bu gün-sabah bir də görəcəksən, elçilər qapını
tanıdı.
Həmidə: Yox əşi, qoy görək sən Allah. Hələ tezdir. Qoy oxusun qurtarsın, əli bir çörəyə
çatsın.
Səkinə: Amma, tfu, tfu, göz dəyməsin, maşallah, nə gözəl səsi var. Dilarənin o gün konsertdə
oxumağı heç yadımdan çıxmır.
Həmidə: Hə, qızımın səsi qiyamətdir.
Səkinə: Sənə çəkib də, ay Həmidə bacı. Elə bilirsən, yadımdan çıxıb? Bu evə yeni köçmüşdünüz,
təzəgəlin vaxtın idi, hər axşam bülbül kimi cəh-cəh vururdun, biz də divarın
dalından qulaq asıb həzz alırdıq.
Həmidə: Sən nə danışırsan? Sən allah, yadındadır mənim oxumağım? Özümün yadımdan
çıxıb.
Səkinə: Niyə yadımda deyil?! Kişi indiyəcən deyir, Həmidə bacı oxumağın dalınca getsəydi,
indi, lap yəqin, məşhur artist idi. Xalq artisdiydi indi mütləq.
Həmidə (
xoşlanaraq): Əşi, qoy oturaq.
Səkinə: Bəs nə əcəb dalıycan getmədin, ay Həmidə bacı?
Həmidə: Nə bilim, vallah, bir az özüm başısoyuqluq elədim. Bir az da Qəzənfərdən oldu,
Allah rəhmət eləsin. Çox yaxşı adam idi, amma bir az qəlbi qaraydı, yaman qısqanc idi.
Deyirdi, mən razı olmaram ki, arvadım artistkalıq eləsin, səhnəyə çıxsın. Bir yandan da ki,
uşaqlar oldu dalbadal, daha oxumaq-zad yadıma düşmədi.
Səkinə: Amma, heyif, çox heyif. Əməlli-başlı qabiliyyətin vardı.
Həmidə: Hərdən, görürsən, özümün də heyfim gəlir. Rəhmətlik Üzeyir bəy, bilirsən, necə
bəyənirdi mənim oxumağımı? Buraxmırdı ki məni, Qəzənfəri yanına çağırıb danlamışdı da.
Deyir, bu istedaddır, niyə şikəst eləyirsən? Qəzənfər də daha onun üzünə ağ olmamışdı.