Həmidə: Səkinə bacı, ay Səkinə bacı!
Bitişik qonşu eyvana Səkinə xala çıxır.
Həmidə: Axşamın xeyir, ay Səkinə bacı.
Səkinə: Aqibətin xeyir, Həmidə bacı.
Həmidə: Bu ili də belə başa vurduq.
Səkinə: Heç demə, gözünü açıb yumursan, bir də görürsən, il qurtarır. Təzə ili evdə qarşılayırsan?
Həmidə: Rəhmətliyin qızı, bəs harada olacam?
Səkinə: Mən oğlumgilə gedəcəm. Farizgilə. Sən allah, gəl sən də gedək. Bilirsən, necə
sevinərlər?! Tək oturma evdə.
Həmidə: Yox, çox sağ ol. Tək deyiləm. Bilmirəm, gün hayandan çıxıb – bu gecə uşaqların
hamısı evdədir. Onlardan çıxmayan iş. Sənə də zəhmət verirəm, Səkinə bacı, mənim sizdə
bir böyük buludum var ha, əgər lazım deyilsə...
Səkinə: Boy, o nə sözdür, Həmidə bacı. Bu saat gətirərəm. Maşallah, deyəsən, qonağın
çoxdur.
Həmidə (
iftixarla): Hə, oğlumun yoldaşlarıdır.
Səkinə: Bu saat gətirərəm.
Hər ikisi içəri keçir. Pərdə qalxır, Həmidə xalagilin mənzili. Qonaq otağı. Otaqda stol,
divan, bufet, televizor, radio-maqnitofon, divar saatı. Divarda mərhum Qəzənfərin – Həmidə
xalanın ərinin qara haşiyəli iri fotoşəkli. Balkona, mətbəxə və o biri otağa açılan üç qapı.
Pəncərədən Bakı gecəsinin sayrışan işıqları görünür. Həmidə xala mətbəxə keçir. Tofiq,
Çingiz və Şamil maqnitofonla məşğuldurlar. Lent kasetini çıxarıb maqnitofona taxırlar.
Düyməni basırlar. Musiqi səsi eşidilir. Onlar bir müddət dinləyirlər.
Şamil: Budur sənin yazıların? Bu motivə mənim nənəmin cavanlıq vaxtlarında oynayarlarmış.
Tofiq: Dayan, yox, bu kasetdədir. Al, bir bunu tax.
Musiqini kəsib başqa kaset taxırlar. Başqa musiqi səslənir. Telefonun zəngi çalınır.
Dilarə yüyürüb gəlir, dəstəyi qaldırır.
Dilarə: Allo! Allo! Eşitmirəm! (
Tofiqə, əsəbi) Əşi, kəs bu zibilin səsini.
Şamil düyməni basır, musiqi kəsilir.
Dilarə (
həyəcanla): Allo! (
Dəstəyi qoyur)
Tofiq: Nə oldu? Asdı?
Dilarə: Asacaq da. Yəqin, elə bildi, dəlixanaya düşüb. (
Otaqdan çıxır)
Şamil: Bəs bu lentdə nədir?
Tofiq: Heç özüm də bilmirəm. Bu saat qulaq asarıq. (
Kaseti taxır, düyməni basır. Bülbülün
"Sənsiz"i eşidilir)
Həmidə xala həyəcanlı halda tələsik mətbəxdən otağa gəlir.
Həmidə (hövlnak): Saxla onu, saxla.
(Şamil düyməni basır, Həmidə xala maqnitofona
yanaşır) Verin bura onu. (
tələsik lenti alır)
Tofiq: Nədir ki?
Həmidə Bu lentlə işiniz yoxdur. Məbadə buna dəyəsiniz. (
Lenti aparıb bufetin gözündə
gizlədir. Açarla bağlayır, açarı döşlüyünün cibinə qoyur)
Uşaqlar təəccüblə bir-birinə baxırlar.