ƏLİ KƏRİM
(1931 – 1969)
• Əli Kərimin ömrü, öz şair sözü kimi,
poeziyada atributa çevrildi. Bu gün
onun üslubunu, deyim tərzini, sözobrazlarını
davam etdirən şairlər var. O,
mövzu məhdudluğu bilməyib, mövzu
əlvanlığı, həm də seçilmiş mövzunu
orijinal işləmə tərzi onun yaradıcılığını
səciyyələndirən cəhətlərdəndir.
Tofiq Hacıyev
Yada salın
- Ana qayğısı, ana nəvazişi haqqında oxuduğunuz hansı əsəri unuda
bilmirsiniz?
- Buna səbəb nədir?
Düşünün
- Ana-övlad münasibətləri söz sənətkarlarını hansı səbəblərə görə
düşündürə bilər?
Oxuda aydınlaşdırın
- Əsərdə tanış olmayan sözlərin mənasını lüğətlərin, sorğu
kitablarının köməyi ilə aydınlaşdırın.
- Əsərdəki bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirin.
QAYTAR ANA BORCUNU
(ixtisarla)
I
Bir gözəl, bir sevimli oğul böyütdü ana.
O bəd, uğursuz günü – ərinin öldüyünü
Bildirmədi heç ona.
Kədəri dalğa-dalğa doldusa da ürəyə,
Lakin nə saç yolaraq verdi əsən küləyə,
Nə şivən etdi ana.
Ürəyində ağlayıb, gülmək öyrətdi ona.
Dözərək davanın da dərdinə, bəlasına,
Öz boğazından kəsib yedirdi balasına…
Bir oğul böyütdü ki, gur, çatma qaş, gensinə.
Bir oğul böyütdü ki, oğul deyirəm sənə...
Bir oğul böyütdü ki, oğul məktəb bitirdi,
Oğul instituta qızıl medalla girdi.
Ana fikirləşdi ki: “Gör neçə aya getdi?!”