Sən bu yurda söykəlisən, bu yurd sənə!
Son atəş də, son zərbə də səninkidir,
Oğul əsgər, əsgər oğul – mərd igiddir,
Mərd ölsə də, mərdlik ölmür, hünər ölmür;
Hünər ölmür, mərdlik ölmür – əsgər ölmür.
Babaların məzarını qoru, qardaş!
Ataların vüqarını qoru, qardaş!
Körpələrin yuxusunu qoru, qardaş!
“Vətən ölməz” duyğusunu qoru, qardaş!
“Hünər ölməz” nidasını qoru, qardaş!
Od yurdunun odasını qoru, qardaş!
Bu torpağın son nəfəri olsan belə,
Son dirisi, son əsgəri olsan belə,
Geri dönmə, son qələbə xəttinəcən,
Son qələbə həddinəcən, səddinəcən.
Dönmə geri üfüqəcən...
Nə zaman ki bu yer, bu yurd
Yağıları süpürəcək, üfürəcək,
Hər əsgərin, hər nəfərin
Nəfəsi od püskürəcək.
Onda dönüb görəcəksən:
Nakamların qəbri: Məşəl!
Qaliblərin qəlbi: Məşəl!
Məşəl! Məşəl!
Şah dağından qəlbi məşəl!..
- Kiçik qruplarda birləşərək şeirin məzmununa aid suallar tərtib edin.
- Sualları və onlara hazırladığınız cavabları təqdimat əsasında müzakirə edin.
- Əsərin məzmununu mənimsədiyinizə əmin olduqdan sonra ideyasını müəyyənləşdirin.
- Şeiri müəllifin “Əsgər məktubu” əsəri ilə hansı əsaslar (əlamətlər) üzrə müqayisə edəcəyinizi müəyyənləşdirin.
- Müqayisənin nəticəsini cədvəldə qeyd edin.
Hansı əsaslar (əlamətlər)
üzrə müqayisə olunurlar? |
Əsərlərin adı |
M.Araz. “Əsgər məktubu” |
M.Araz. “Əsgər oğul” |
|
|
|
- “Əsgər məktubu” şeirinin ilk üç bəndinin ifadəli oxusunu hazırlayın. İfaçılıq vəzifəsini (dinləyicilərə
nəyi çatdıracağınızı), səsinizin alacağı çalarları, sürətini, ucalığını və s. müəyyənləşdirin.
Unutmayın ki, şeirin məzmunundan asılı olaraq, səsiniz fərqli çalar (təntənəli, hüznlü və s.) qazanacaqdır.
- İfaları dinləyib müzakirə edin.
Evdə iş
- “Əsgər məktubu” şeirinin bütövlükdə ifadəli oxusunu hazırlayın. Şərti işarələrdən istifadə edin.