Əsəri mənə yazdıran da lap uşaqlıqda Cənubi Azərbaycanda gördüyüm ağır həyat olmuşdur... Xalqın, xüsusən yoxsul kəndlilərin, zəhmətkeş şəhər əhalisinin hakim təbəqələrdən çəkdiyi zülm, əzab-əziyyət, ehtiyac, aclıq olmuşdur”.
Siz 9-cu sinifdə ədəbiyyatımızın iyirminci yüzilliyin əvvəllərindən günümüzə qədər keçdiyi inkişaf yolu ilə tanış olacaq, müxtəlif mərhələlərdə yazıb-yaratmış sənətkarların yaradıcılığından nümunələri dərindən mənimsəyəcəksiniz. Bu dövrdə fəaliyyət göstərən yazıçılarımızın qarşılaşdıqları problemlər barədə təsəvvür qazanacaq, sovet hakimiyyəti illərində həyat həqiqətlərinə sadiq qalmağın çətinliklərini, bəzən isə mümkünsüzlüyünü öyrənəcəksiniz. Bu sinifdə, həmçinin ədəbiyyat nəzəriyyəsi üzrə yeni biliklər mənimsəyəcək, bədii əsərin öyrənilməsi ilə bağlı bacarıqlarınızı zənginləşdirəcəksiniz.
Bu dövr Azərbaycan ədəbiyyatını aşağıdakı mərhələlər üzrə öyrənəcəksiniz:
I mərhələ. |
Azərbaycanda milli-demokratik hərəkat dövründə ədəbiyyat. |
II mərhələ. | Sovet dövrü Azərbaycan ədəbiyyatı.
|
III mərhələ. |
Dövlət müstəqilliyi dövründə Azərbaycan ədəbiyyatı (1991-ci ildən günümüzə qədər) |
Aydındır ki, bu dövrləşdirmə şərtidir. Ədəbiyyatın inkişafını bütöv bir proses kimi götürmək və təhlil etmək vacibdir. Ənənə və varislik əsasında yaranan, yaşayan ədəbiyyatımızın müxtəlif dövrləri, eləcə də eyni bir dövrün mərhələləri qarşılıqlı əlaqədə olub, biri digərindən doğur, bir-birini tamamlayır.