(ixtisarla)
“Daş bizi qədimdən bu günə qədər daşıyan vasitədir”.
Hər bir abidə tariximizin “yaşayan” bir parçası
olmaqla bərabər, həmin dövrün qədirbilən və yaradıcı
insanlarının xidmətlərini özündə təcəssüm etdirir.
Bu baxımdan
20 YANVAR faciəsi şəhidlərinin
xatirəsinə ucaldılmış
“Əbədi məşəl” abidə kompleksinin
necə yaranmasını, həmçinin yaradıcılarını
tanımaq
və tanıtdırmaq hər birimizin borcudur.
“Əbədi məşəl” abidə kompleksinin yaradılması fikri ilk dəfə 1994-cü ildə irəli sürülüb. Milli Məclisdə bu faciəyə qiymət verilərkən Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə şəhidlərin xatirəsini əbədiləşdirmək üçün abidə yaradılması qərarı da qəbul olunur. O bu məsələni şəxsi diqqətində saxlayır, yaradılmış komissiyaya tapşırıq və tövsiyələrini verir: memar və heykəltəraşlara öz təsirliliyinə, məzmununa, səviyyəsinə görə böyük həcmli əsərdən də çox qiymətli olacaq bir abidə yaratmağı tapşırır. Bir il sonra, faciənin beşinci ildönümündə keçirilmiş sərgidə ona iki layihə təqdim olunur. Hazırlanmış layihələr yalnız faciəni əks etdirdiyi üçün Ulu öndər Heydər Əliyevi qane etmir, o daha bir neçə layihənin hazırlanmasını tapşırır. Tapşırıq ondan ibarət olur ki, yaradılacaq abidə faciə ilə yanaşı, xalqın qəhrəmanlığını da, təcavüzü də əks etdirməlidir.
Keçirilən müsabiqədə Əməkdar memar Elbay Qasımzadənin rəhbərlik etdiyi Layihələndirmə şirkətinin işləyib hazırladığı layihə seçilir. Heydər Əliyev 5 avqust 1998-ci il tarixində Bakı şəhərindəki Şəhidlər xiyabanında “Əbədi məşəl” abidə kompleksinin ucaldılması haqqında sərəncam verir.
Kompleksin açılışı 9 oktyabr 1998-ci il tarixində olmuşdur. Abidə səkkizguşəli ulduz üzərində dayanan qızılı rəngdə şüşə günbəzdən, tac qoyulmuş sərdabədən (türbədən) ibarətdir. Sərdabənin divarlarını zərif şəbəkə bəzəyir. Gecə səmasında parlayan qızılı rəngli günbəz Azərbaycanın müstəqilliyi uğrunda canını fəda etmiş şəhidlərin ruhunu təcəssüm etdirir.