İnkişaf etmiş orta əsrlər dövründə Bakı Azərbaycanın iqtisadi, siyasi, mədəni həyatında mühüm rol oynayırdı.
...1806-cı ildə rus qoşunları Bakını tutdu. 1813-cü il Gülüstan sülh müqaviləsinin şərtlərinə görə, Bakı xanlığı Rusiyaya birləşdirildi. 1859-cu ildə Bakı quberniya mərkəzinə çevrildi. Bu ərəfədə rus mühəndisləri tərəfindən İçərişəhərin genişləndirilməsi üçün layihə işləri hazırlanırdı. Hələ 1796-cı ildən etibarən rus mühəndisləri tərəfindən tərtib olunmuş baş planda Bakı qalasının cənub-qərb istiqamətində ən azı iki dəfə, təxminən indiki Bəhram Gurun heykəli (funikulyorun qarşısı) yerləşən əraziyədək genişləndirilməsi nəzərdə tutulmuşdu.
1807-ci ildə mühəndis mayor X.İ.Truzsonun yerli planına əsasən, İçərişəhərin şimal hissəsində qaladan 200 sajen (təxminən 2,16 metr) məsafədə, dəniz sahilində ulduzşəkilli qalanın qurulması təklif olunurdu. Lakin bu layihələrin həyata keçirilməsi baha başa gəldiyi üçün hər iki plandan imtina olundu.
Qalanın 1807-ci ildə tərtib edilmiş layihəsi həyata keçirilməsə də, ancaq Bakı ərazisində istehkamların yaradılması ideyası rus hərbi qüvvələrinin diqqət mərkəzində idi. 1835-ci ildə “İstehkam və qalanın qurulması nəzərdə tutulmaqla Bakı qalasının və qalanın arxasında forştadtın genişləndirilməsi planı” işlənib hazırlandı və təsdiqləmək üçün Qafqaz rəhbərliyinə təqdim olundu.