Bakının nə zaman tarix meydanına çıxması, eləcə də şəhərə çevrilməsi barədə dəqiq məlumat vermək çətindir. Ancaq paleontologiya, arxeologiya və numizmatikanın bir çox fakt və məlumatları, rahat liman çox qədim vaxtlardan insanların burada məskunlaşdığını göstərir.
Sara Aşurbəyli yazır ki, şübhəsiz, Bakı artıq I əsrdə liman şəhəri idi və onun təşəkkülü daha erkən dövrlərə aiddir.
Bakı qalasında əsaslı arxeoloji tədqiqat işləri ilk dəfə olaraq 1920-ci ildə başlamışdır. Belə ki tədqiqatçı alimlər E.A.Paxomov, İ.M.Cəfərzadə, F. Ə.İbrahimov, Ö.Ş.İsmizadə İçərişəhərin tarixini öyrənmiş, uzun illər burada aparılan arxeoloji qazıntı işlərinə rəhbərlik etmişlər. Bu qazıntılar zamanı aşkarlanmış maddi mədəniyyət nümunələrinin öyrənilməsi göstərir ki, orta əsrlərdə Bakı sıx məskunlaşan yaşayış yeri olmuş, burada ticarət, pul dövriyyəsi, müxtəlif sənətlər və şəhər təsərrüfatının digər sahələri dövrünə görə yüksək inkişaf dərəcəsinə çatmışdı.
X əsrin ikinci yarısından etibarən mənbələrdə Bakı mühüm dəniz limanı kimi qeyd olunur. Onun sakinlərinin dənizçilik təcrübəsi çoxdankı ənənələrə əsaslanırdı və onların daimi məşğuliyyəti idi. Bakıdan yelkənli gəmilərlə neft, duz, sənətkarlıq məmulatları, ipək parçalar, nərə balığı, kürü, zəfəran aparılırdı. Artıq XIII–XIV əsrlərdə Genuya və Venetsiya tacirləri burada öz ticarət donanmalarına malik idilər. Bakı daim yazılı mənbələrdə xatırlanır, qədim ərəb və Avropa xəritələrində qeyd olunurdu. Bu isə onunla tanışlığın, eləcə də onun ticari əhəmiyyətinin göstəricisi idi.