Bütün sənətlər qardaşdır, biri digərinin ziyası altında irəliləyir. (F.Volter)
BİRLİK GÜCDÜR
Azərbaycan bütün dünyada yüksək mədəniyyəti, möhtəşəm incəsənət nümunələri ilə tanınır. Festivallar mədəniyyətin inkişafında son dərəcə mühüm rol oynayır.
Aşağıdakı məlumatları oxuyub nəticə çıxarın.
2009-cu ildən ənənəvi olaraq Heydər Əliyev Fondu ilə Mədəniyyət Nazirliyi birgə hər il yay aylarında Qəbələdə açıq səma altında Beynəlxalq Musiqi festivalı keçirir. Festival çərçivəsində klassik musiqi konsertləri ilə bərabər, caz və muğam gecələri də təşkil olunur.
13 iyun 2014-cü ildə Masallıda Ulu öndər Heydər Əliyevin 91 illik yubileyinə həsr olunmuş III Beynəlxalq Folklor festivalında Azərbaycanla yanaşı, Türkiyə, Gürcüstan, İran, Qazaxıstan, Litva, Latviya və Rusiya-Dağıstanın folklor qrupları iştirak etmişlər.
İştirakçı ölkələrin milli rəqs nümunələri meydana toplaşmış şəhər sakinləri tərəfindən böyük maraqla qarşılanmışdır.
İçərişəhər 2000-ci ildə UNESKO-nun Dünya Maddi İrsi Siyahısına daxil edilmişdir. Burada yerləşən və paytaxtımızın rəmzi hesab olunan Qız qalasının dünyada tanıdılması məqsədilə 2010-cu ildən “Qız qalası” Beynəlxalq İncəsənət festivalı keçirilir.
2010-cu ildə keçirilən ilk festivalda 18 ölkənin 20-dən çox rəssamı, 2011-ci ildə keçirilən ikinci festivalda isə 20 ölkənin 25 tanınmış rəssamı iştirak etmişdir. Onlar Qız qalasının maketlərini öz milli üslublarında bəzəyərək fərqli mədəniyyət və adət-ənənələrin sintezini əks etdirən əsərlər yaratmışlar. 2014-cü il mayın 7–9-da Bakıda “Qız qalası” Beşinci Beynəlxalq İncəsənət festivalı keçirilmişdir. Festivalda 26 ölkədən 28 rəssam iştirak etmişdir. Bu festival çərçivəsində dünyada küçə incəsənətinin (street art) ən populyar növlərindən olan 3D rəsmləri də təqdim edilmişdir.
Sizcə, bu festivalların hansı əhəmiyyəti vardır?