İki və daha artıq qrammatik əsası (mübtəda və xəbəri) olan cümlələrə
mürəkkəb cümlələr deyilir. Sadə cümlə kimi mürəkkəb cümlənin
tərkib hissələri
baş üzvlərlə yanaşı, ikinci dərəcəli üzvlərdən də təşkil oluna bilər.
Məsələn:
Mürəkkəb cümlənin tərkib hissələri, əsasən, intonasiya və bağlayıcılarla bağlanır.
Azərbaycan Xalq rəssamı Səttar Bəhlulzadə vətənini çox sevmiş, o, rənglərin dili ilə Azərbaycan adlı bir ölkə yaratmışdır. (Ə.Məmmədova)
Kifayət qədər ağıllı olmalısan ki, özünü həddən artıq ağıllı saymayasan.
(A.Morua)
1-ci tərkib hissə intonasiya, 2-ci tərkib hissə bağlayıcı vasitəsilə bağlanmışdır.
Dahi alman bəstəkarı Bethoven dünyanın ən nəhəng bəstəkarlarından biridir. O öz yaradıcılığında, ilk növbədə, insanın qəhrəmanlıq, mübarizlik (əzmini, yoxsa əzimini?) tərənnüm edirdi. Bethovenin şəxsi problemləri, ələlxüsus sağlamlığı ilə bağlı çətinlikləri də onun dünyagörüşünə ciddi təsir göstərmişdir. 28 yaşında ikən o, ağır xəstəliyin – musiqiçi üçün (əsl, yoxsa əsil?) faciə olan karlığın ilk əlamətlərini hiss edir. Xəstəlik şiddətlənir və Bethoven çalmaq, sonra dirijorluq etmək qabiliyyətini getgedə itirir. Adamlarla ünsiyyət saxlaması da tədricən çətinləşir: ömrünün son illərində o, dəftər vasitəsilə yazılı “söhbətlər”ə keçir. Ən dəhşətlisi isə odur ki, bəstəkar yaratdığı musiqini daha eşitmir! Lakin nə xəstəlik, nə də tənhalıq Bethovenin (mətin, yoxsa mətn?) iradəsini qıra bilmir.
Bethoven cəmi 9 simfoniya yazmışdır. O, 3-cü simfoniyanı əvvəlcə Napoleona (həsr, yoxsa həsir?) etməyi nəzərdə tutubmuş. Lakin Napoleonun özünü imperator elan etməsini bəstəkar olduqca mənfi qarşılayır. Bethoven nəzərdə tutduğu fikirdən daşınır və o, simfoniyanı “Qəhrəmanlıq” adlandırır.