Ümummilli lider Heydər Əliyev 18 iyul 2001-ci ildə “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman, 30 sentyabr 2002-ci ildə “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun imzalamışdır. İkinci sənəddə göstərilir ki, Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini təmin etməyi öz müstəqil dövlətçiliyinin başlıca vəzifələrindən biri sayır, onun tətbiqi, qorunması və inkişaf etdirilməsinin qayğısına qalır. Bu qanun ölkə Konstitusiyasına uyğun olaraq Azərbaycan dilinin dövlət dili kimi hüquqi statusunu nizamlayır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında 2013-cü il aprelin 9-da sərəncam imzalamışdır. Bu Dövlət Proqramı dövlətçiliyimizin başlıca rəmzlərindən olan ana dilinin istifadəsinə və tədqiqinə dövlət qayğısının artırılmasını təmin etmək baxımından son dərəcə mühüm bir sənəddir.
Əziz şagirdlər!
Oxuduqlarınızdan nəticə çıxarın! Azərbaycan ədəbi dilinin gözəlliyini qoruyun. Nitqinizi düzgün qurun, onun gözəl olmasına çalışın. Nitqinizdə Azərbaycan ədəbi dilinə yad olan söz və ifadələrdən istifadə etməyin.